...

Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat faydalana bilirsinizmi?

Cəmiyyət Materials 22 Yanvar 2018 15:31 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) növbəti interaktiv sorğu keçirilib.
Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat faydalana bilirsinizmi?

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) növbəti interaktiv sorğu keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sorğu zamanı respondentlərə “Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?” sualı ünvanlanıb.

Sualı ümumilikdə 2717 nəfər cavablandırıb. Onlardan 80 faizi əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bildiyini qeyd edib. Sorğuda iştirak edənlərin 16 faizi suala “xeyr” cavabını verib. Respondentlərin 4 faizi isə ümumiyyətlə, bu barədə məlumatsız olduğunu vurğulayıb.

Son illərdə ƏƏSMN tərəfindən “Elektron hökumət” portalı üzərindən istifadəyə verilən e-xidmətlər əmək və sosial müdafiə, sosial sığorta sahələri üzrə dövlət xidmətlərinin göstərilməsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə, vətəndaşların bu xidmətlərdən müasir və şəffaf şəkildə faydalanmalarına şərait yaradıb. Hazırda həmin e-xidmətlərin sayı 30-a yaxındır və onlara olan böyük sosial tələbin, ictimai marağın ifadəsi kimi, təkcə son bir ildə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 9 milyon 341 min müraciət qeydə alınıb.

Hər bir e-xidmət hazırlanarkən əhalinin ondan daha sadə və rahat şəkildə istifadə imkanlarına malik olmasına xüsusi diqqət yetirilir. Eyni zamanda, istifadəyə verilən hər hansı e-xidmət, ondan istifadə prosedurları barədə ardıcıl olaraq geniş ictimai məlumatlandırma işləri aparılır. Sorğuya qoşulanların böyük əksəriyyətinin əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bildiklərini qeyd etmələri də həmin işlərin müsbət nəticəsidir.

Bununla belə, sorğu iştirakçılarından bir qisminin həmin e-xidmətlərdən asan və rahat şəkildə istifadə edə bilmədiklərini və ya ümumiyyətlə həmin e-xidmətlər barədə məlumatsız olduqlarını bildirmələri müvafiq məlumatlandırma işlərinin qarşıdakı dövrdə də davam etdirilməsinin zəruriliyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti