...

Azərbaycan Universitetində Konfutsi Mərkəzi açılıb (FOTO)

Cəmiyyət Materials 7 Mart 2018 11:29 (UTC +04:00)
Azərbaycan Universitetində Konfutsi Mərkəzinin açılışı olub.
Azərbaycan Universitetində Konfutsi Mərkəzi açılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Universitetində Konfutsi Mərkəzinin açılışı olub.

Universitetdən Trend-ə verilən məlumata görə, mərkəz Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək. Mərkəzdə Çin mədəniyyətinin öyrənilməsi və Çin dilinin tədrisi də nəzərdə tutulur.

Açılış münasibətilə keçirilən tədbirdə institutun tarixi və missiyası, Azərbaycandakı və dünyadakı fəaliyyəti haqqında məlumat verilib. İnstitutun Çin tərəfdən direktoru xanım Luo Siaocı qeyd edib ki, dünyada ilk Konfutsi İnstitutu 2004-cü ildə Koreyanın paytaxtı Seulda açılıb. Azərbaycanda isə 2011-ci ildə fəaliyyətə başlayıb.

Xanım Luo Siaocı deyib: “İnstitutun missiyası Çin mədəniyyətinin və fəlsəfəsinin bütün dünyada təbliğ edilməsi, Çin ilə digər ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsidir. Azərbaycanda Çin dilinin tədrisi bu qurum vasitəsilə təşkil olunur. İnstitut yeddiillik fəaliyyəti dövründə Çin ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələrinin qurulmasına mühüm töhfələr verib”.

L.Siaocı institut tərəfindən təşkil olunan kurslar, yaradılan təhsil və təqaüd imkanları, Çin dili üzrə beynəlxalq sertifikatın karyera perspektivləri, həmçinin “Çin dili körpüsü” beynəlxalq müsabiqəsi haqqında da məlumat verib.

Tədbirdə universitetin müəllim və tələbələri üçün Çin dilinin tədrisi üzrə nümunəvi dərs nümayiş olunub. Açılış tədbiri iştirakçılar üçün ənənəvi Çin çay mərasiminin keçirilməsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti