...

Təhsil Nazirliyi: Abşeron, Sumqayıt və Gəncədə bütün lisey və gimnaziyalarda I sinfə qəbul imtahansız keçiriləcək

Cəmiyyət Materials 12 Mart 2018 21:38 (UTC +04:00)

Bzakı. İlhamə İsabalayeva - Trend:

"Bu il Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərindəki bütün lisey və gimnaziyalara şagirdlərin I sinfə qəbulu zamanı ərazi prinsipi tətbiq olunmayacaq. Buna görə də istənilən valideyn yaşadığı yerdən asılı olmayaraq, öz uşağının həmin məktəbə imtahan vermədən qəbul edilməsi üçün müraciət edə bilər".

Bunu Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərindəki bütün lisey və gimnaziyalara şagirdlərin I sinfə qəbulu müsabiqəsiz, yəni imtahansız keçiriləcək.

C.Valehov bildirib ki, növbəti illərdə həmin məktəblərə I sinfə qəbul zamanı ərazi prinsipinin tətbiq olunub-olunmayacağı ilə bağlı qərar bu ilki qəbulun nəticələri təhlil edildikdən sonra veriləcək.

Sektor müdiri deyib ki, əgər gimnaziya və liseylərin I sinfinə qəbulu zamanı uşağın imtahan verməsi tələb olunarsa, valideynlər bununla əlaqədar, eyni zamanda sənəd qəbulu zamanı ortaya çıxan digər anlaşılmaz hallarla bağlı Təhsil Nazirliyinin "Qaynar xətti"nə şikayət edə bilərlər.

C.Valehov əlavə edib ki, artıq bu gün saat 10.00- dan başlayaraq Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu üçün 8500 nəfər www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçib. Ümumilikdə 3 bölgə üzrə daha 8500 uşağın qeydiyyatdan keçəcəyi gözlənilir.

Bu il Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 17 min uşağın I sinfə gedəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, indiyədək Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərindəki bütün lisey və gimnaziyalara I sinfə şagird qəbulu müsabiqə ilə həyata keçirilib.

Fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı martın 12-dən sentyabrın 15-dək həyata keçirilir.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti