...

"Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası" adlı elmi konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 1 May 2018 15:42
Səbail rayonunda «Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” Respublika elmi konfransı keçirilib
"Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası" adlı elmi konfrans keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Səbail Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” Respublika elmi konfransı keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə rayon rəhbərliyi ilə yanaşı müxtəlif dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP-ın Səbail rayon təşkilatının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları ADPU-da ümummilli lider Heydər Əliyevin heykəli önünə gələrək xatirəsini ehtiramla yad ediblər.

Sonra qonaqlar universitetin Heydər Əliyev muzeyi ilə tanış olublar.

Konfransda giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli olub.

E.Əzizov vurğulayıb ki, ulu öndərin ideyalarını, siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi artıq ölkə tarixində təsdiq olunub. Məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb.

Konfransda çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, ADPU-nun rektoru Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurları və gələcək perspektivləri barədə danışıblar. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan son illər möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Ulu öndərin müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlətimizin bugünkü böyük uğur və nailiyyətlərinin əsas təminatçıdır.

Konfransda ADPU-nun prorektoru Asəf Zamanov “Heydər Əliyev və Azərbaycanda elmi potensialın inkişafı”, ADPU-nun dekanı Fərrux Rüstəmov “Heydər Əliyev və Azərbaycanda milli-pedaqoji fikir tarixinin tədqiqi” mövzularında çıxışlar ediblər.

Sonra konfransın bölmə iclasında 20-dən çox maraqlı məruzə və müzakirələr dinlənilib. Universitetin professor və müəllimləri ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin, həmçinin idmanın inkişafındakı rolu ilə bağlı maraqlı və məzmunlu çıxışlar ediblər.

Sonda konfrans iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunub, konfransdakı məruzələrin işlənərək kitab şəklində buraxılması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti