Bakı. İlhamə İsabalayeva - Trend:
Son illərdə tatu və pirsinqdən istifadə hallarının artması B viruslu hepatitlərin sayının çoxalmasına təsir göstərir.
Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə kKomissiyanın sədr müavini Həqiqət Qədirova deyib.
O bildirib ki, viruslu hepatitlər insan orqanizminə yoluxandan sonra ağır fəsadların olması qaçılmazdır.
H.Qədirova qeyd edib ki, hepatit A xroniki hala çox nadir hallarda keçir: "Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xroniki hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta "mülayim qatil" deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanlarda xərçəngə səbəb olur".
Həkim əlavə edib ki, B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa, bu, ömürlük olur:
"Bu gün tibb elmində hələ ki tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdə keçir. İlk olaraq sanitar gigiyenik normalara düzgün riayət etmək lazımdır. B, C və D viruslarının qarşısını almaq üçün qan verən zaman sağlamlıq vəziyyəti yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfdən, cinsi yolla fərdi yanaşmanı nəzarətdə saxlamaq mütləqdir".