...

Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?

Cəmiyyət Materials 24 Sentyabr 2018 07:45 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bəzi ölkələrdə vəhşi heyvanların səyyar sirklərdə çıxış etməsinə icazə verilmir.

Avstriya, Boliviya, Meksika, Malta, İsrail, Peru, Sinqapur, Salvador, Kipr, Kosta-Rika, Slovakiya, Yunanıstan daxil olmaqla, ümumilikdə 19 ölkə səyyar sirklərdə vəhşi heyvanların iştirakına qadağa qoyub.

Sonuncu dəfə isə Şotlandiya parlamenti səyyar sirklərdə vəhşi heyvanlardan istifadəni qadağan edən qərar qəbul edib.

Azərbaycandakı yeganə sirk olan Bakı Dövlət Sirkinin (BDS) özünün heyvanları olmasa da, paytaxtımıza tez-tez başqa ölkələrdən sirklər dəvət edir. Təbii ki, onların arasında vəhşi heyvanların iştirakı ilə göstərilən nömrələr çoxluq təşkil edir. Bu isə o deməkdir ki, vəhşi heyvanlar Bakı Dövlət Sirkinin səhnəsində heç bir problem olmadan çıxış edə bilirlər.

Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda vəhşi heyvanların sirkdə iştirakı ilə bağlı hər hansı qadağanın qoyulmasına ehtiyac yoxdur.

Onun sözlərinə görə, MDB ölkələrinin heç birində sirklər üçün belə bir qadağa tətbiq olunmayıb.

Bakı Dövlət Sirkinin stasionar sirk müəssisəsi olduğunu xatırladan M.Hümbətov qeyd edib ki, BDS-nin sirk artistləri və təlimçiləri yoxdur: “Bu da o deməkdir ki, Bakı Dövlət Sirkində heyvanlar yoxdur və onlar təlim olunmurlar. Biz Bakıya xarici ölkələrin sirklərini dəvət edirik. Ancaq nəzərə alaq ki, bəzi Avropa ölkələrində ümumiyyətlə stasionar sirk olmur. Bakı Dövlət Sirki isə stasionar sirk olduğundan burada heyvanların qarşılanması, saxlanması, yemlənməsi üçün lazımi şərait var”.

O qeyd edib ki, indiyədək Bakı Dövlət Sirkində vəhşi heyvanların insanlara hücum etməsi halı qeydə alınmayıb: “Ancaq belə bir ehtimal ola bilər. Çünki nə qədər təlim keçilsə belə, heyvanlar çıxışlarında aqressiya göstərə bilər. Belə halların qarşısını almaq üçün nümayişdən əvvəl təhlükəsizlik tədbirləri görülür və tamaşaçı ilə heyvanlar arasında dəmirdən və ya ipəkdən olan xüsusi qoruyucu torlar qurulur. Bundan sonra heyvanlar səhnəyə buraxılır. Xaricdən dəvət etdiyimiz sirk təlimçiləri heyvanlara olduqca sevgi ilə yanaşırlar. Onlar bildirirlər ki, heyvanlara sevgi verməsən, onu təlimləndirmək mümkün deyil”.

M.Hümbətov bildirib ki, indiyədək Bakı Dövlət Sirkinə gələn tamaşaçıların səhnəyə çıxan vəhşi heyvanlardan qorxması halı müşahidə edilməyib. Əksinə, vəhşi heyvanların nömrələri göstərilərkən ön sıralarda oturmaq istəyən tamaşaçılar daha çox olur.

BDS-nin əməkdaşı əlavə edib ki, sirkləri daha çox tamaşaçıların xahişini və zövqünü nəzərə almaqla gətirirlər.

O, Azərbaycanda tamaşaçıların vəhşi heyvanların çıxışlarını daha çox xoşladığını deyib: “Bəzən şir, ayı, ya da pələng olmayanda tamaşaçılar xahiş edirlər ki, bu heyvanların da çıxışı olsun”.

M.Hümbətov yerli tamaşaçıların hava nömrələrini, xüsusilə hava uçuşlarını da çox xoşladığını söyləyib: “Təbii ki, uşaqlar da klounları xoşlayırlar. Amma kloun olmaq çox çətindir. Yaxşı klounlar çox az tapılır. Restoranlarda çıxış edən klounlar peşəkar olmurlar. Sirkdə çıxış edən peşəkar kloun isə həm bir qədər təlimçi, həm bir qədər akrobat, həm bir qədər illüziyaçı, həm də bir qədər psixoloq olmalıdır”.

O qeyd edib ki, biletlərin qiymətlərini müəyyən edərkən əhalinin imkanları da nəzərə alınır: “Biz çalışırq ki, biletlərin qiymətini əhalinin alıcılıq qabiliyyətinə uyğun edək. Araşdırılsa, görmək olar ki, dünyada ucuz sirk biletləri Azərbaycandadır. Biz bu qiymətləri əhalinin alıcılıq qabiliyyətinə uyğun səviyyədə saxlayırıq”.

M.Hümbətov sirkdəki heyvanların xüsusi normativ qaydada qidalandırılmalı olduğunu da bildirib: “Heyvanların qida rasionu çox geniş və rəngarəngdir. Heyvanlar hər şey yemirlər. Onların yedikləri qidalar təmiz, keyfiyyətli olmalıdır. Bəzən elə bilirlər ki, heyvanlar ancaq ət yeyir. Ancaq, məsələn, bəzi ayılar heç ət yemir. Onlar təmiz bal, müxtəlif meyvə və giləmeyvələr, peçenyelər, qatılaşdırılmış südlə qidalandırılır. Onlar qiymətli heyvan olduğundan bu cür qidalandırılması vacibdir”.

Onun sözlərinə görə, heyvanlar üçün qidaları onları gətirən səyyar sirklərin əməkdaşları alırlar.

Bakı Dövlət Sirkinin dövlətdən qismən dotasiya alan müəssisə olduğunu xatırladan M.Hümbətov əlavə edib ki, işçilərinin əməkhaqqından başqa, bütün digər xərcləri Bakı Dövlət Sirki özü ödəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti