...

Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2018 14:09 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə ölkənin aparıcı media qurumlarının rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə-media münasibətlərinə toxunub. O, bildirib ki, məhkəmələr media qurumları ilə əməkdaşlıqda maraqlı olmalıdır: "Məhkəmə cəmiyyət üzvlərinin tarazlaşdırılmasına xidmət edir. Məhkəmə dövlət maraqlarını müdafiə edən icra hakimiyyətindən fərqlənir. Azad mətbuat demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır. Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir. Məhkəmə qəbul etdiyi qərarların ictimaiyyətə çatdırılmasında maraqlıdır və bu prosesin reallaşması üçün media ilə əməkdaşlıq zəruridir. Məhkəmə orqanları daim KİV-lə əməkdaşlıqda maraqlıdır".

R.Rzayev qeyd edib ki, bu prosesdə bəzi mətbu orqanları da məhkəmələrin fəaliyyətinə mane olur: "Bu gün bu prosesdə yaranan problemlərdən biri də qeyri-peşəkar jurnalistlərin məhkəmə fəaliyyətinə mane olmasıdır. Bu gün məhkəmələrin qeyri-peşəkar jurnalistlərdən qorunmağa ehtiyacı var. Bəzi mətbu orqanları məhkəmə fəaliyyətinə, hakimlərin nüfuzuna xələl gətirən əsassız yazılar dərc edir. Jurnalist məhkəmənin obyektivliyini və müstəqilliyini nəzərə almalı, onun fəaliyyətinə hörmətlə yanaşmalıdır. Məhkəmə orqanları jurnalistlərə bu sahədə yardım etməlidirlər. Bu qarşılıqlı əməkdaşlıq sahəsində baş verməlidir. Ali Məhkəmə mətbuatla əməkdaşlıq edilir və bunun üçün mətbuat katibi var. Məhkəmənin plenum iclasları, qərarlar barədə məhkəmənin saytında məlumatlar verilir".

Ali Məhkəmənin sədri bildirib ki, media qurumları hakimlərin mətbuata qapalı olmasından gileylənir: "Media qurumları məhkəmə hakimləri ilə münasibət qura bilmir, onlardan açıqlama almaqda çətinlik çəkirlər. Mən bu fikirlərlə razıyam. Amma bu məsələ hakimin səlahiyyətində deyil. Hakimlərin mətbuata açıqlama verməsi qadağandır. Bu qadağanı hakim qoymayıb".

Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Ali Məhkəmə daim kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib, məhkəmə-media münasibətlərində ortaya çıxan problemlərin həlli ilə bağlı müzakirələr aparılıb:

"Biz qərara gəldik ki, bu cür məsələlərlə bağlı ölkənin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşlər keçirək. Media ilə məhkəmələrin əməkdaşlığında müəyyən problemlər var. Azərbaycanda məhkəmə hakimlərinin, işçilərinin sayı azdır və buna görə də məhkəmə hansısa əməkdaşını media ilə əməkdaşlığa görə məsul şəxs təyin edə bilmir. Əminəm ki, bizim bu görüşümüzdən sonra bu sahədə irəliləyiş əldə olunacaq, məhkəmədən yazan jurnalistlərin ixtisaslaşması üçün tədbirlər görüləcək. Bu gün Azərbaycan jurnalistikasında kifayət qədər inkişaf var, qurumlarla əməkdaşlıqda irəliləyişlər var, dövlət qurumları və təşkilatlar media ilə əməkdaşlığa maraq göstərir. Biz medianın hüquq-mühafizə orqanları ilə - Daxili İşlər Nazirliyi, Baş Prokurorluqla görüşünü keçirmişik. Ali məhkəmə ilə də jurnalistlər üçün də seminar keçirmək vacibdir. Seminarlarda jurnalistləri hansı məsələlər narahat edirsə, həmin məsələlərin həllinə çalışmaq lazımdır. Seminar və treninqlər keçirərək bu prosesdə jurnalstikada olan çatışmazlıqları da müzakirə edə bilərik. Təbii ki, Azərbaycan mətbuatında da, məhkəmələrdə də bu sahədə problemlər var. Jurnalistikada da müəyyən səhvlər təkrarlanır. Amma müxtəlif seminarların təşkil olunması bu problemləri aradan qaldıracaq. Bunun üçün həmçinin məhkəmələrlə birlikdə jurnalistlər üçün vəsait hazırlaya bilərik. Həmin vəsaitdə jurnalistlər məhkəmə terminləri ilə tanış olarlar".

Ə.Amaşov bildirib ki, media qurumlarının rəhbərləri məhkəmələrlə işləyən jurnalistlərin koordinatlarını Mətbuat Şurasına təqdim etməlidir. Belə ki, həmin jurnalistlər üçün məhkəmələrdə seminarlar təşkil olunacaq.

Tədbirdə çıxış edən media qurumlarının rəhbərləri məhkəmə jurnalstlərinin problemlərlə üzləşdiyini bildiriblər.

Görüşdən sonra tədbir iştirakçıları Ali Məhkəmənin inzibati binası və qurumun iş fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti