Bakı. İlhamə İsabalayeva - Trend:
Orta məktəblərdə xarici dildə təhsil almaq istəyən Azərbaycan vətəndaşları və Azərbaycan dilində oxumaq istəyən əcnəbilər üçün müsahibənin aparılması yaxşı olar.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan dünyəvi dövlət olduğu üçün burada digər dillərdə tədrisin aparılması üçün heç bir məhdudiyyət yoxdur.
Komitə sədri bildirib ki, “Ümumi təhsil haqqında” qanun layihəsində tədris dilinin dövlət dilində aparılması təmin edilir. Ancaq bununla yanaşı, vətəndaşların istəyi nəzərə alınmaqla, ümumtəhsil məktəblərində tədrisin digər dillərdə aparılmasına da icazə verilir.
İ.Həbibbəyli qeyd edib ki, “Ümumi təhsil haqqında” qanun layihəsində mövcud reallıq və perskpektiv öz əksini tapıb.
Layihədə “tədris ili” anlayışının dəyişdirilməsi ilə bağlı təkliflərə münasibət bildirən komitə sədri bu anlayışın olduğu kimi saxlanılmasını düzgün sayıb: “Qanun layihəsində qeyd edilib ki, ümumi təhsil müəssisələrində dini qurumlar yaradılmır. Bu, ölkəmizin apardığı siyasətə tamamilə uyğundur”.
İ.Həbibbəyli əlavə edib ki, indiki halda qanun layihəsində icbari təhsilin ümumi orta təhsil səviyyəsində olmasını məqsədəuyğun sayırlar:
“Layihənin müzakirəsi zamanı icbari orta təhsillə bağlı millət vəkilləri narahatlıqlarını bildirdilər. İcbari təhsil ümumi orta təhsili ifadə edir. Ölkəmizdə icbari təhsil tam orta təhsili əhatə etməsə də, gənclərin tam orta təhsil səviyyəsində peşə bilikləri alması üçün ciddi tədbirlər həyata keçirilir. Buna görə də bu narahatlıq tamamilə aradan qalxıb. Son dövrlərdə gənclərin peşə təhsilinə marağı da artıb”.