...

Başqa dillər üzrə I sinfə qəbul olarkən həmin dili bilmə bacarıqları yoxlanılacaq - Müsahibələrə apreldən başlanacaq (ÖZƏL)

Cəmiyyət Materials 29 Mart 2019 07:45 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndiriləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, onun dinlədiyini anlamaq, ünsiyyət qurmaq və öz fikrini sadə formada ifadə etmək bacarığının olub-olmaması nəzərdə tutulur.

Digər dildə tədris aparılan bölmə üzrə uşaqların I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibə komissiyaları tərəfindən yoxlanılacaq. Müsahibə komissiyasının üzvləri müəllimlərdən ibarət olacaq. 12 inzibati rayon üzrə 9 mərkəzdə müraciət edənlərin sayından asılı olaraq 1, 2 və yaxud 3 komissiya fəaliyyət göstərəcək. Müsahibə komissiyaları aprelin 1-dən fəaliyyətə başlayacaq.

Qeyd olunub ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək:

"Valideyn şəxsi kabinet yaradıb övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata düşür. Əgər valideyn övladını ümumi təhsil məktəblərinin digər dildə tədris aparılan bölməsi üzrə müsahibəyə yazdırmaq istəyirsə, o zaman "Məktəblər" bölməsini seçib, "İrəli" düyməsini sıxmalıdır. Ümumi təhsil məktəbləri seçilibsə, sistem valideynə müvafiq müsahibə komissiyalarından birini seçməyi təklif edir. Həmin pəncərədə məktəbin ərazisini göstərən xəritə, məktəbin ünvanı və əlaqə nömrəsi qeyd edilib".

İdarədən deyilib ki, müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır:

"Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçiriləcək. Əks halda, Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərlər. Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər".

BŞTİ-dən əlavə edilib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə aprelin 15-dən etibarən həftənin I, II və IV günləri Rayon (Şəhər) Təhsil şöbələrində (idarələrində) təşkil edilmiş Apelyasiya komissiyalarına müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti