Bakı. Elgün Mənsimov – Trend:
Dünən mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin hər yerində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Nəticədə bir gün ərzində bütün ölkə ərazisində 650 mindən çox ağac əkildi. Bununla da hər birimizin gözü önündə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı. Özü də bu tarix nəinki Azərbaycana, bütün bəşəriyyətə örnək oldu, fayda və töhfə verdi.
Məhz “Nəsimi ili” çərçivəsində əkilən bu ağaclar böyük şairə dərin ehtiram və hörmət əlaməti olmaqla yanaşı, həm də ona ucaldılan bir abidə oldu. Elə bir abidə ki, nəfəs alır, inkişaf edir, gün keçdikcə, il ötdükcə boy atır, qol-qanad açır və ətrafa gözəllik saçır. Kamil insan eşqi ilə yanıb-tutunan Nəsiminin ruhuna bundan böyük abidə, bundan kamil rəğbət ola bilməzdi...
Sevindiricidir!
Çünki vətəndaşlar da kütləvi şəkildə Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşıladı və ağacəkmə prosesində şövqlə iştirak etdi. Demək olar ki, Azərbaycanın hər bir bölgəsində, qəsəbə və kəndində insanlar böyük coşqu ilə bu kampaniyaya qoşuldu, yaşıllıq zolağının salınmasında əllərindən gələni əsirgəmədi. Xalqımız növbəti dəfə bir hədəf uğrunda həmrəylik, birlik nümayiş etdirdi. Çünki hər kəs bu xeyirxah əməlin insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsinə hesablandığının fərqində idi.
Alman şair və filosofu Herman Hesse yazırdı - "Ağaclar sığınacaqlardır, ağacları dinləməyi öyrəndiyimiz an onlar evimizə çevrilirlər. Bu, xoşbəxtlikdir". Bəli, insanlarımız bu marafonla məhz özlərinin gələcək sığınacaqlarını qurdular, xoşbəxtliklərinin daha bir təməlini qoydular. Müdriklərin də dediyi kimi, ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın təmizləyicisidirlər. Bir sözlə, insan beşikdən məzara qədər ağaca möhtacdır...
“Bütün ölkəmizdə gərəkli bir yaşıllaşdırma, abadlaşdırma işləri aparacağıq”
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu sözləri hələ 2007-ci ilin mart ayında Xəzər rayonunda ağaçəkmə aksiyasında iştirakı zamanı demişdi. Xatırlayırsınızsa, həmin il Novruz bayramı ərəfəsində Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” layihəsi həyata keçirildi. Bununla da respublikanın dörd bir tərəfində minlərlə ağac əkildi. Bu layihə ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılandı. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini xalqımız yüksək dəyərləndirdi...
Həmçinin, 2017-ci ildə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə bölgələrdə ağacəkmə kampaniyasına start verildi. Bundan başqa, Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə başlanıldı. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa və Tovuz rayonlarında salındı. Bu meyvə bağları həmin rayonun şəhid ailələri və Qarabağ əlilləri başda olmaqla aztəminatlı ailələrin təmənnasız istifadəsinə verildi.
Bu gün isə biz ağac əkmək kimi xeyirxah əməlin daha bir möhtəşəm nümunəsini görürük. Təbii ki, bu təşəbbüslərin, aksiyaların təməl məqsədi dünyada yaşanan ekoloji böhrandan xilasa töhfə vermək, ölkəmizin təbiətini sağlamlaşdırmaq, insanlarımızın sağlam, gümrah yaşayışını təmin etməkdir.
Məlumdur ki, son onilliklər ərzində dünyada flora və faunanın tarazlığı pozulub. Nəticədə, atmosferdə karbon qazının konsentrasiyası milyonda 389 hissə olub ki, bu da 1750-ci il sənaye dövrünün başlanmasından bəri ən yüksək göstəricidir. Mütəxəssislərin fikrincə, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və təxminən 200 kiloqram karbon qazı buraxır. Bu natarazlığı aradan qaldırmağın ən əsas yollarından biri təbii ki ağac əkmək, planeti yaşıllaşdırmaqdır. Çünki atmosferdə oksigenin yeganə mənbəyi ağac və bitkilərdir.
Ekoloji tələblərə görə hər bir ölkə ərazisinin ən azı 20-25 faizi meşə sahəsi ilə örtülməlidir. Azərbaycanda isə bu göstərici 12 faizə bərabərdir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi diqqət yetirilir. Bir faktı xatırlatmaq yerinə düşər ki, 2010-cu ildə - "Ekologiya ili" çərçivəsində Azərbaycanda 2 milyondan çox ağac əkilib. Bu tendensiya sonrakı illərdə də davam etdirilib.
Bununla belə, təəssüf hissi ilə deməliyik ki, dünyada yanacaq və ya məişət avadanlıqlarının düzəldirlməsi məqsədilə meşələr, ağaclar, yaşıllıqlar məhv edilir. Azərbaycanda da bu kimi halların baş verməsi ilə bağlı xeyli sayda faktlar var. Odur ki, gəlin, gələcəyimiz, sağlamlığımız üçün bu gün əkdiyimiz ağacları sabah kəsməyək, ona qulluq edək, böyüdək və kölgəsinə sığınaq...