Bakı. Trend:
Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib.
Trend-in məlumatına əsasən, Azərbaycan neft sənayesinin canlı əfsanəsi, bu sahəyə böyük töhfələr vermiş SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adına təsis edilmiş təqaüd Ali Məktəbdə keçirilən yubiley tədbirində ilk sahiblərinə təqdim olunub.
Təqaüdə BANM-in Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Nihad Abbasov (ali məktəbə qəbul imtahanı göstəricisi - 700 bal) və Nadir Namazov (ali məktəbə qəbul imtahanı göstəricisi - 695 bal) layiq görülüblər.
Onların hər ikisi eyni zamanda, Prezident təqaüdçüləridirlər. Təqaüd adıçəkilən tələbələrə tədris illəri ərzində əldə etdikləri yüksək nəticələrə və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki fəallıqlarına görə təqdim olunub.