...

İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2020 09:26 (UTC +04:00)
İsveçrədəki diasporamızın sıx məskunlaşdığı Soloturn şəhərində faəliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin təşkilatçılığı, ”Azərbaycan-Türk Mədəniyyət Assosasiyası”, “Azərbaycanın Dostları” və “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” diaspor təşkilatları ilə birlikdə İsveçrədəki diasporamızın sıx məskunlaşdığı Soloturn şəhərində faəliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova qonaqları salamlamış və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilıb. Səfir çıxışını Ümummilli Lideri Heydər Əliyevin: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." sözləri ilə başlamışdır.

Səfir daha sonra Xocalı faciəsinin səbəbi və nəticələri barədə geniş məlumat verib, Xocalı qətliamının Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu söyləyib. Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanıdılması istiqamətində Azərbaycan dövləti və diasporu tərəfindən görülən işlərə toxunan X.İbrahimova bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası barədə danışıb və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması sahəsində əldə edilmiş nailiyyətləri sadalayıb.

Səfir çıxışının sonunda ölkə rəhbərimiz bütün səfərlərində ermənilərin həyata keçirtdiyi bu qanlı faciə ilə bağlı faktları daim həmsöhbətlərinə çatdırdığını qeyd edib. Səfir son olaraq cari ilin fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutan panel müzakirələrində ölkə rəhbərimiz Ermənistanın işğalçı dövlət olmasını bir daha dünya birliyinin diqqətinə çatdırmasını, ermənilər tərəfindən xalqımıza, o cümlədən mədəniyyətimizə qarşı törədilmiş soyqırımlar barədə məlumat verməsini və beynəlxalq ictimaiyyəti təcavüzkar Ermənistan dövlətinə qarşı lazımi tədbirlər görməyə çağırması barəsində məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra ”Azərbaycan-Türk Mədəniyyət Assosasiyası”nın rəhbəri Cəvzət Aras qonaqları salamlamış və Xocalı faciəsinin erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirib və Azərbaycanın ümummilli maraqlarının müdafiəsi məsələsində azərbaycanlıları bir olmağa çağırıb.

Çıxışlardan sonra “613” adlı sənədli film nümayiş olunub.
Eləcə də, Səfirlik tərəfindən tədbir iştirakçılarına Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən sərgi nümayiş olunub və Xocalı soyqırımına eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair əyani vəsaitlər təqdim edilib.
Tədbirin rəsmi hissəsindən sonra, iştirakçılar ehsan süfrəsinə dəvət olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti