...

31 mart soyqırımı - qanla yazılan tarix!

Cəmiyyət Materials 31 Mart 2020 15:48 (UTC +04:00)
Erməni daşnaklarının 1918-ci ilin mart-aprel aylarında bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 102 il ötür. Xalqımıza qarşı əsrlərboyu dəfələrlə törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin ən faciəli anlarından, ən qaranlıq səhifələrindən biridir.
31 mart soyqırımı - qanla yazılan tarix!

Bakı. Trend:

Erməni daşnaklarının 1918-ci ilin mart-aprel aylarında bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 102 il ötür. Xalqımıza qarşı əsrlərboyu dəfələrlə törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin ən faciəli anlarından, ən qaranlıq səhifələrindən biridir.

Trend Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin Azərbaycanlıların Soyqırımı Gününə həsr etdiyi yazını təqdim edir:

"Soyqırımı – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. 31 mart ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzü bunun bariz nümunəsidir.

Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı, məkrli surətdə həyata keçirdiyi soyqırımı siyasəti əsrlərboyu fərqli şəkildə davam edib. Tarix boyu fürsət düşdükcə mənfur qonşularımız məkrli, işğalçılıq planlarını həyata keçirməyə çalışıblar.

1918-ci ilin mart ayında Qafqaz-İslam ordusu Azərbaycan torpaqlarını azad edənə qədər türk-müsəlman əhalisinə qarşı bolşevik-erməni qüvvələrinin törətdiyi və görünməmiş vəhşiliklərlə həyata keçirilən soyqırımının hərtərəfli araşdırılması üçün vəkil Ələkbər bəy Xasməmmədovun sədrlik etdiyi Fövqəladə Təhqiqat Komissiyasının sənədləri mühüm əhəmiyyət kəsb edir. Məhz bu sənədlər 1918-ci ilin mart ayında erməni daşnaklarının xalqımıza qarşı törətdikləri növbəti soyqırımını fakt kimi ortaya qoymağımıza imkan verir.

Məlumdur ki, 1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabı nəticəsində Romanovlar sülaləsi devrildi və müvəqqəti hökumət təşkil edildi. Yeni hökumət Rusiyanın hökmranlığı altında yaşayan xalqlara müraciət edərək I Dünya müharibəsi başa çatandan sonra xalqların öz müqəddəratlarını həll etməsi məsələsinə baxılacağını bəyan etdi. Lakin 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklərin hakimiyyəti zorla ələ keçirməsi Rusiya xalqlarının bu arzularını boşa çıxardı. Bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanı bərpa etməyə başladılar.

Həmin dövrdə Azərbaycanda da vəziyyət mürəkkəb idi. 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunmuş Stepan Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Şaumyanın ciddi səyləri ilə Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə qayıtmaq əvəzinə, Bakıda toplaşdılar.

Daşnak-bolşevik birləşmələrini narahat edən əsas məsələ Azərbaycanda milli qüvvələrə başçılıq edən “Müsavat” partiyasının nüfuzunun getdikcə artması idi. Bu səbəbdən də onlar Bakını inqilabla əksinqilab aramında mübarizə meydanı elan etmişdilər. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.

1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı.

Azğınlaşmış erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Bəzi faktlar bunu açıq-aşkar sübut edir. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

Müsəlmanları qətlə yetirməklə yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan əşyaları isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Ermənilər öldürməyə macal tapmadıqları qadınları isə öz hörükləri ilə bir-birinə bağlayaraq başıaçıq, ayaqyalın arabalara mindirib aparır, yolda isə tüfənglərin qundaqları ilə onları döyür və şikəst edirdilər.

Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakı şəhərində 10 mindən çox türk-müsəlman öldürülüb. Bütün Azərbaycan ərazisində öldürülənlərin sayı isə 50 mini keçirdi. Onların çoxunun meyiti tapılmamışdı. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, törətdikləri cinayətin izini itirsinlər.

S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bunu etməsəydik azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Maddi-mədəniyyət və tarixi abidələrimizi belə dağıtmaqdan çəkinməyən erməni quldurlarının vəhşiliyi nəticəsində xalqın bir çox ziyarətgahları və tarixi abidələri yerlə-yeksan edilmişdi. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmiş, dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin, “Kaspi” qəzetinin, “Dağıstan” mehmanxanasının binalarına və digər bir çox nadir tikililərə od vurularaq yandırılmışdı.

Ermənilərin vəhşilikləri barədə təsəvvür yaratmaq üçün texnik Vladimir Sokolovun Bakının “Kərpicxana” adlanan ərazisində çəkdiyi fotoşəkillərə baxmaq kifayətdir. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunub. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanıb. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası var. İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilib. Mismarın başından aydın görünür ki, onu divara daşla vurublar. Daş elə oradaca idi. Üçüncü şəkildə isə 13-14 yaşlı qız uşağının meyiti verilib. Biçarənin bədənindən görünür ki, onu bir dəstə alçaq “kişi” zorladıqdan sonra qətlə yetirib.

Ümumilikdə, Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuş, 12 mindən artıq dinc sakin vəhşicəsinə qətlə yetirilmişdi. Mart hadisələri zamanı erməni daşnakları təkcə Bakıda deyil, demək olar ki, bütün Azərbaycan ərazilərində kütləvi qırğınlar törətmişdilər. Qədim şəhərlərimizdən olan Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Qaniçən Lalayevin başçılıq etdiyi quldur dəstələri şəhərin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurmuşdular. Axund Cəfərqulunun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Şamaxı qəzasının müsəlmanlar yaşayan 80 kəndinin taleyi də bu cür olmuşdu. 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında göstərilir ki, Şamaxı qəzasının təkcə 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdu.

Ermənilərin törətdikləri dəhşətli qırğınlardan ən çox ziyan çəkən şəhərlərimizdən biri də Quba şəhəri idi. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı, bolşevik əsgərləri də yaxından iştirak edirdi. Faciəni səciyyələndirən başlıca cəhət odur ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş plan əsasında həyata keçirilmişdi. Çoxsaylı qüvvə ilə hücuma keçən quldurlar küçələrdə qarşılarına çıxan bütün adamları ucdantutma güllə yağışına tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə dəlmə-deşik edir, gözlərini ovurdular.

Amazasp adlı bir erməni quldurunun dəstəsinin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan məhv edilmişdi. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü, tat və digər millətlərin nümayəndələri öldürülmüşdü. Quba qəzasında dağıdılmış 162 kənddən 35-i hazırda mövcud deyil.

Mart hadisələri zamanı ən dəhşətli qırğınlardan biri İrəvan quberniyasında həyata keçirilmişdi. Buradakı müsəlmanların məruz qaldıqları faciəni qələmə almaq mümkün deyil. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 200-ə çatırdı. İrəvan quberniyasının yarım milyonluq əhalisinin nə kimi müsibətlərə düçar olduğunu sənədlərdəki faktlar daha dəqiq göstərir.

Azərbaycanlılara qarşı qırğınlar nəticəsində erməni caniləri yuxarıda qeyd olunan şəhərlərlə yanaşı, demək olar ki, əksər ərazilərdə də günahsız insanlara qarşı misli görünməmiş vəhşiliklər törədiblər. Bundan Lənkəran, Şuşa, Göyçay, Zəngəzur və digər şəhər və rayonlarda da əhali məhv edilmişdi.

Mart hadisələrinə ən böyük qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Onun 1998-ci il martın 26-da imzaladığı Sərəncamla hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən faciələri unutmamalı, həqiqətlərin, o cümlədən 1918-ci ilin martında baş vermiş hadisələrin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti