Bakı. Trend:
Sosial xidmət müəssisəsində yaşlı, ahıl sakinlərin infeksiyadan qorunması üçün ciddi profilaktik işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata əsasən, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən ardıcıl dəstək tədbirləri həyata keçirilir.
Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşlı, ahıl sakinlərin koronavirus (COVİD-19) infeksiyasından qorunması, onların sağlamlığının etibarlı mühafizəsi üçün ciddi profilaktik işlər aparılır.
Heydər Əliyev Fondu digər sosial xidmət müəsissələri kimi, bu müəssisəni də daim öz himayəsində saxlayır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Uşaq Psixonevroloji Mərkəzinə, bütün sosial xidmət müəssisələri, o cümlədən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar və digər qoruyucu vasitələrlə təmin edilib.
Xüsusilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla, müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Fond tərəfindən xüsusi diqqət yetirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin burada tətbiq olunmasına zəruri təşkilati dəstək göstərilib. Müəssisənin sakinləri tez-tez müayinələrdən keçirilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir.
Burada çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub. Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə burada sanitar-gigiyenik vəziyyətə də ciddi nəzarət həyata keçirilir.
Sosial xidmət müəssisəsində pensiya yaşına çatmış 235 şəxs daimi dövlət təminatında yaşayır.