Bakı. Trend:
Avtonəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir.
İcbari Sığorta Bürosundan Trend-ə bildirilib ki, bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur.
Dövlət Yol Polisi İdarəsinin COVID-19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş icbari sığorta müqavilələrinə aid deyil. Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq. Müvafiq qaydada cərimə tədbiq olunacaq.
Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.