...

Təhsil eksperti: “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı tədrisin günün tələblərinə uyğun qurulmasına imkan verir

Cəmiyyət Materials 17 Sentyabr 2020 16:53 (UTC +04:00)
Ekspert: Heydər Əliyev Fondunun gördüyü işlər ölkəmizdə təhsilin infrastrukturunun yenilənməsinə kömək edir
Təhsil eksperti:  “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı tədrisin günün tələblərinə uyğun qurulmasına imkan verir

Bakı. İlhamə İsabalayeva - Trend:

Heydər Əliyev Fondunun məktəblərin, uşaq bağçalarının tikintisi sahəsində gördüyü işlər, o cümlədən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa etdirdiyi təhsil müəssisələri ölkəmizdə təhsilin infrastrukturunun yenilənməsinə və bu sahədə mövcud olan problemlərin həllinə əsaslı şəkildə kömək edir.

Bunu Trend-ə təhsilı üzrə ekspert, dosent, fəlsəfə doktoru Yusif Ağayev deyib.

Onun sözlərinə görə, 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.

Y.Ağayev qeyd edib ki, bir çox məktəblərdəki şəraitin yarıtmaz vəziyyətdə olması təhsilin keyfiyyətinə təsir edən mühüm amildir. Bu baxımdan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verir.

Y.Ağayev əlavə edib ki, pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə təhsil ocaqlarının tikintisi davam etdirilib, heç bir sosial layihə ixtisar olunmayıb. 2020-ci il də 147 məktəbin tikintisi nəzərdə tutulur. Onlardan 45-i artıq Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.

Ekspert bildirib ki, son illər ərzində Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində çoxsaylı işlər görülüb. Son 17 ildə ölkədə 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Təhsil sektorunda infrastrukturun müasirləşməsinə yönələn tədbirlərin davamı olaraq, bu ilin may ayında Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20 milyon manat maliyyə vəsaiti ayırıb.

Y.Ağayev deyib ki, bu tikinti işləri yalnız ümumtəhsil sektoruna aid olmayıb, ölkədə ali təhsil müəssisələrinin binalarının yenidənqurulması üçün tədbirlər həyata keçirilib.

O, Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun, Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusunun, ADA-nın yeni iki korpusunun istifadəyə verilməsini bu tədbirlərin keçirilməsinə nümunə kimi göstərib.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqın intellektual potensialının yüksəlməsinə daim dəstək göstərdiyini vurğulayan Y.Ağayev qeyd edib ki, dövlət başçısı gənclərin savadlı, bilikli, vətənpərvər və milli ruhda yetişməsini başlıca vəzifələrdən biri hesab edir və bu istiqamətdə ardıcıl, məqsədyönlü, düşünülmüş siyasət həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti