...

Ermənistan Azıx mağarasında qanunsuz yolla aşkarladığı qədim nümunələri xaricə satıb

Cəmiyyət Materials 2 Noyabr 2020 13:25 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyanın ən qədim insan məskənlərindən sayılan, Azərbaycanın Füzuli şəhərindən 16 km aralıda yerləşən, Quruçay sahilindəki məşhur Azıx mağarasında aşkarlanmış qədim insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri müxtəlif ölkələrə qanunsuz şəkildə satılıb.

Bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bildirib.

Onun sözlərinə görə, Azıx mağarasında aparılan qanunsuz qazıntı işlərinə 2002-ci ildən başlayaraq İngiltərə, İrlandiya, İspaniya və İtaliyadan arxeoloji “ekspedisiyalar” cəlb edilir:

"300-350 min il bundan əvvəl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir və yaxud müxtəlif ölkələrə qanunsuz şəkildə satılır. Bu cür “səxavətliliyin” qarşılığında isə xaricdən gətirilən “alimlər”ə öz əsərlərində Azıx mağarasını “erməni abidəsi” kimi təqdim etmək tapşırığı verilir".

E.Kəlbizadə əlavə edib ki, işğalçı ermənilərin hər vəchlə abidələrini dağıtmağa çalışdıqları rayonlar sırasında Füzuli və Ağdam xüsusi yer tutur. Füzuli yaxınlığında Quruçay dərəsində yerləşən və ümumilikdə insanlığın ilk başlanğıc nöqtələrindən sayılan Azıx mağarasında aparılan “tədqiqatlar” və qazıntılar ermənilərin məqsədli şəkildə törətdikləri vandalizm hərəkatlarının bir hissəsidir.

O əlavə edib ki, Ağdam rayonu ərazisində qədim tarixə malik çoxsaylı tarixi-memarlıq abidələri - Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (XIV əsr), Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələr, Papravənddəki Xanoğlu türbəsi (XVII əsr), Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi-memarlıq abidələri işğalçılar tərəfindən dağıdılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti