Bakı. Trend:
Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vaira-Vike Freiberqa 83 yaşını qeyd edir.
Trend-in məlumatına görə, xanım Freiberqa Azərbaycanın çox yaxın dostu və tərəfdaşı olmaqla, 8 il öncə NGBM təsis olunduğu zamandan bugünədək Mərkəzə həmsədrlik edir və bütün məqamlarda Azərbaycan xalqı və dövləti ilə həmrəylik nümayiş etdirir.
Qeyd edək ki, Xanım Vaira-Vike Freiberqa Şərqi Avropada ilk qadın prezident kimi tarixə düşüb və hazırda həm öz ölkəsində, həm də dünyada nüfuzlu söz sahibi və siyasi xadim kimi tanınır. Hələ Azərbaycan xalqının ulu öndəri mərhum sabiq Prezident Heydər Əliyevlə diplomatik danışıqlar müstəvisində Azərbaycanın dostu mövqeyini nümayiş etdirən Xanım Freiberqa öz prinsiplərinə sadiq qalaraq, öz əlaqələrindən və səlahiyyətlərindən irəli gələn imkanları səfərbər edərək, Ermənistan-Azərbaycan qarşıdurmasında hər zaman Azərbaycanın mövqeyini əsas tutmuş, dünya ictimaiyyətinə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı mesajları çatdırmaq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində beynəlxalq onlayn müzakirələr təşkil etmiş, məqalələr və onlayn bəyanatlar yaymışdır.
Eyni zamanda, beynəlxalq səviyyədə apardığı təbliğat işlərini ən yüksək səviyyəli təmaslarda da davam etdirərək, Nizami və Azərbaycan adını daim ən yaxşı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmağa nail olmuşdur.
Dekabr ayının 1-də Xanım Freiberqanın doğum günü münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi otuza yaxın lider və ictimai xadimin iştirakı ilə onlayn görüş təşkil etmişdir. Görüşdə iştirak edən yüksək səviyyəli xadimlər Xanım Freiberqanın şəxsiyyətini və fəaliyyətini tərənnüm etməklə, ona səmimi təbriklərini və arzularını ərz etmişlər.