...

Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin

Cəmiyyət Materials 12 Aprel 2021 18:59 (UTC +04:00)
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin

Bakı. Elçin Mehdiyev – Trend:

Artıq ikinci ildir ki, Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Keçən il də Ramazan ayını bu şəkildə qeyd etmişdik. Hazırda da karantin rejimi höküm sürür və onun müəyyən qaydaları var. Ramazan ayı ərzində bu qaydalara riayət etmək tövsiyə olunur. Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, yoluxma sayında artım var və yoluxma sayı bundan da çox arta bilər: “Biz çalışmalıyıq yoluxma sayının artmasına səbəb olmayaq. Dini şəkildə iftar mərasimlərinin qeyd olunması məqsədəuyğun deyil. İnsanlar məhdud çərçivədə iftar açsalar, daha yaxşıdır. İndiki vəziyyətdə bu cür etməliyik. Bu qaydalara əməl etməmək hətta günah olar, çünki dinimiz insan sağlamlığına çox böyük önəm verir. Ona görə də iftar mərasimlərini geniş şəkildə qeyd etməməliyik”.

Ş.Həsənli bildirib ki, məscidlərdə din xadimləri canlı yayım vasitəsilə insanlara müraciət edib onların qarşısında çıxış edəcək və Ramazan ayinləri sosial şəbəkələr üzərində canlı yayımlarla icra olunacaq və insanlar evlərindən də bu prosesə qoşula bilər: “Təbii ki, insanların arzuları başa düşüləndir, onlar məscidlərdə toplaşmaq, kütləvi mərasimlərdə iştirak etmək istəyirlər. Bu, hamımızın arzusudur, amma reallıqlar bəzən bizim istəklərimizi təmin edə bilmir. Hazırda bu kimi addımlar yoluxma sayında ciddi artıma səbəb ola bilər. Ümid edirik ki, növbəti Ramazanı həmişəki kimi qeyd etmək imkanımız olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti