...

Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat

Cəmiyyət Materials 23 İyun 2021 20:57 (UTC +04:00)
Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal, məhdudiyyətsiz həyata qayıda bilək.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycanda iyulun 1-dən toy, nişan və ad günü mərasimlərinin müəyyən sayda insanın iştirakı ilə keçirilməsinə icazə verilməsi ölkədə koronavirus infeksiyasının qarşısının alınmasında müsbət dinamikanın əldə olunmasının təzahürüdür. Eyni zamanda, ölkədə vaksinasiya prosesinin davamlı şəkildə həyata keçirilməsi yoluxma sayında azalmaya səbəb olub: “Azərbaycanda yoluxma sayında azalmaların müşahidə edilməsi iyulun 1-dən yeni yumşalmalara getməyə imkan verdi. Hazırda Azərbaycanda ümumilikdə 3 milyondan çox insan vaksin olunub, 335 mindən artıq insan isə xəstələnərək müalicə olunub və immunitet qazanıb. Bildiyiniz kimi, cəmiyyətin 60-70 faizində bu xəstəliyə qarşı immunitet olarsa, cəmiyyət olaraq bu xəstəliyə qalib gəlmiş hesab olunuruq. İnanıram ki, yaxın zamanda bu rəqəmə nail olacağıq.

Lakin düşünürəm ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sistemli tədbirlər nəticəsində əldə etdiyimiz bu müsbət dinamika, yoluxma sayında azalma heç bir halda bizi arxayın salmamalıdır. Pandemiya ilə əlaqədar mövcud qaydalara riayət etməliyik ki, əldə edilən bu müsbət nəticəni uğurlu sonluğa çatdıra bilək”.

Deputat vurğulayıb ki, toy, nişan və ad günü mərasimlərinə COVİD pasportu olan insanların buraxılması ilə bağlı qərar bir daha onu göstrərir ki, insanlar vaksinasiya olmalıdır: “Bizi istəyən, sevən doğmalarımızın, cəmiyyətimizin sağlamlığı naminə vaksinasiya olmalıyıq. Yəni virusun aradan qalxması, gərəkli olan rəqəmin əldə olunması üçün hamımız vaksinasiya prosesində aktiv iştirak etməliyik. Dövlətimiz bunun üçün lazımi səyləri göstərir və ölkəmizdə 4 növ vaksin var ki, insanlar könüllü şəkildə həmin vaksinlərdən istədiyini seçib vurdura bilər. Məlum olduğu kimi, vaksin olunan insanlar virusa yoluxsalar da bunu yüngül şəkildə keçirirlər. Ona görə də biz cəmiyyət olaraq vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal, məhdudiyyətsiz həyata qayıda bilək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti