...

Ermənilərin dağıtdığı məktəblər yenidən tikilir - Trend TV-nin reportajı (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Avqust 2021 11:08 (UTC +04:00)
Ermənilərin dağıtdığı məktəblər yenidən tikilir - Trend TV-nin reportajı (FOTO/VİDEO)

Tərtər. Aslan Məmmədli - Trend:

Azərbaycanın Zəfəri ilə başa çatan Vətən Müharibəsi zamanı işğalçı Ermənistanın dinc yaşayış məntəqələrimizi bombardman etməsi nəticəsində dağılan mülki obyektlərin təmir-tikintisi sürətlə davam edir. Azərbaycan Prezidentinin sərəncamı ilə hazırda Gəncə, Ağdam, Goranboy, Tərtər və digər rayonlarda orta məktəblərə dəymiş ziyan aradan qaldırılır.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Tərtər rayonunda orta məktəblərin təmir-tikinti porsesini izləyib, təhsil işçilərinin təəssüratlarını öyrənib. Əskipara kənd orta məktəbinin direktoru Sərxan Budaqov bildirib ki, Vətən Müharibəsi zamanı - 2020-ci ilin oktyabrında düşmənin atdığı mərmilər məktəb binasını dağıdıb. Amma buna baxmayaraq, onlar tədrisi qismən də olsa davam etdiriblər: “Bu gün məktəbimizdə sürətli təmir işləri gedir. Tezliklə iş başa çatacaq və biz tam müasir məktəbdə tədris aparacağıq. Bütün bunlara görə Prezidentimizə dərin təşəkkürümüzü bildiririk.”

Məktəbin müəllimi Bayram İbrahimov da dövlət başçısının göstərdiyi diqqət və qayğıya görə xüsusi məmnunluğunu bildirib: “Prezidentimiz sərəncamlar imzalayıb, vəsait ayrılıb və ermənilərin dağıtdığı bütün evlər, mülki obyektlər, orta məktəb binaları durmadan bərpa edilir, yeniləri tikilir və ya təmir olunur. Əminik ki, yeni dərs ilində müasir şəraitli məktəb binası istifadəmizə veriləcək. Öz adımızdan, müəllimlər, valideynlər və şagirdlər adından Prezidentimizə təşəkkür edirik”.

Qeyd edək ki, müharibə zamanı düşmənin artilleriya zərbələri nəticəsində Tərtər rayonunda 18 orta məktəbə mərmi düşüb, 2 məktəb tamamilə dağılıb. Həmin məktəblər yenidən tikiləcək. Hazırda 7 məktəbdə bərpa işləri aparılır, 9 məktəbdə işlər tam bitib.

Videorepotajı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti