Bakı. Elçin Mehdiyev – Trend:
Koronavirusun çox yayıldığı ərazilərdə övladlarını məktəbə göndərməyən valideynlər uşaqların təhsilinə özləri cavabdehdir.
Bu Təhsil Nazirliyindən Trend-in sorğusuna cavabda deyilir.
Bildirilir ki, koronavirusla bağlı övladını məktəbə göndərmək istəməyən və ya göndərə bilməyən valideynlər bu barədə iltizam imzalayacaqlar və övladının məktəbə gəlmədən təhsilini təmin etmək üçün bütün məsuliyyəti öz üzərinə götürəcəklər:
"Həmçinin bildiririk ki, teledərslərin yayımlanması bu tədris ilində də davam edəcək".
Qeyd edək ki, Azərbaycanda 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.
Təhsil Nazirliyinin açıqladığı qaydalara görə, valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər: birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə, ikinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir.
Twitter: @ElchinMehdiyev