...

Kamran Əliyev Ukraynada Beynəlxalq Antikorrupsiya Forumunda iştirak edib

Cəmiyyət Materials 2 Dekabr 2021 11:31 (UTC +04:00)
Kamran Əliyev Ukraynada Beynəlxalq Antikorrupsiya Forumunda iştirak edib

Bakı. Samir Əli - Trend:

Ukraynanın Baş prokuroru İrina Venediktovanın dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada işgüzar səfərdə olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətini səmimi salamlayan Baş prokuror İrina Venediktova noyabrın 30-da ölkəmizdə baş vermiş helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığını bildirib, həlak olanların ailə üzvlərinə səbr diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Kamran Əliyev ukraynalı həmkarına başsağlığına görə minnətdarlığını bildirib. Keçirilmiş ikitərəfli görüşdə Baş prokuror səmimi qəbula görə təşəkkürünü bildirərək ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyini qeyd etdi. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat vermişdir.

Həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən yetkinlik yaşına çatmamış şəxslər barəsində cinayət mühakiməsinin aparılması, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri, habelə prokurorluq fəaliyyətinin rəqəmsallaşdırılması mövzuları üzrə səmərəli fikir mübadiləsi aparıldı.

Görüşdə əlaqələrin gələcək konturlarını müəyyən edən “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ukrayna Baş prokurorunun Ofisi arasında əməkdaşlıq haqqında Razılaşma” imzalanıb.

Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukrayna prokurorluğunun yaradılmasının 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbir çərçivəsində "Kleptokratiya və qanunsuz maliyyə axımları" mövzusunda Beynəlxalq Antikorrupsiya Forumu öz işinə başlayıb. Forumda çıxış edən Baş prokuror dövlət başçısının siyasi kursuna uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı aparılan hüquqi və institusional tədbirlər, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rolu barədə məlumat verərək, cinayət yolu ilə əldə olunmuş əmlakın müsadirəsi və bərpası sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Forum çərçivəsində Litva, Bolqarıstan, Estoniya və sair ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirilib, mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Kiyevdə xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edildi, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti