...

Bakıda açılan Cənubi Qafqazın ilk böyük Baytarlıq Klinikası tam gücü ilə fəaliyyətdədir - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Yanvar 2022 08:42 (UTC +04:00)
Bakıda açılan Cənubi Qafqazın ilk böyük Baytarlıq Klinikası tam gücü ilə fəaliyyətdədir - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)

Bakı. Samir Əli – Trend:

Bakının Nizami rayonunda açılan Cənubi Qafqazın ilk böyük və müasir Baytarlıq Klinikasına artıq müraciətlər başlayıb. Burada ev heyvanları ilə yanaşı, kənd təsərrüfatı heyvanlarının da müayinə-müalicəsi aparılır.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova bildirib.

Onun sözlərinə görə, institutun ərazisində yerləşən və 1000 kvadratmetr sahəni əhatə edən klinikada özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışır:

"Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlər göstərilir. Ötən il dekabrın 28-də açılan klinika artıq tam gücü ilə fəaliyyətdədir", - deyə S.Rüstəmova qeyd edib.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru bildirib ki, klinikada ikinci səviyyəli Biotəhlükəsizlik Elmi-Tədqiqat Diaqnostik Laboratoriyası, üçüncü səviyyəli Biotəhlükəsizlik Laboratoriyası, diaqnostikum və serum istehsalat şöbəsi fəaliyyət göstərir: "Klinikamızda qəbul və müayinə şöbələri fəaliyyət göstərir ki, heyvanlar ilk öncə həmin şöbələrə gətirilərək müayinə olunur və onlara ilkin yardım göstərilir. Heyvanın xəstəliyi müəyyən ediləndən sonra aidiyyəti üzrə digər şöbələrə göndərilir və orada həmin heyvanın müalicəsi davam etdirilir. Klinikada rentgen, cərrahiyyə, terapiya, qroiminq və diaqnostika kabinetləri fəaliyyət göstərir. Diaqnostika kabinetində UZİ, endoskopiya, kardioqramma prosedurlarını həyata keçirmək olur.

Bundan başqa klinikada heyvanların xəstəliklərdən qorunması üçün peyvəndlənməsi də aparılır", - S.Rüstəmova vurğulayıb.

Direktor onu da əlavə edib ki, müasir avadanlıqlarla təchiz olunmuş Baytarlıq Klinikasında baytarlıq mütəxəssisləri bilik və bacarıqlarını artıra, müalicə-profilaktika sahəsində yeni və müasir biliklərdən yararlana biləcəklər. Bununla yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin məzunlarına da klinikada öz bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün şərait yaradılacaq.

Trend TV-nin Cənubi Qafqazın ilk böyük və müasir Baytarlıq Klinikasından reportajını təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti