...

Sınaq imtahanına qeydiyyat gələn həftə başa çatacaq

Cəmiyyət 17 Yanvar 2022 09:29 (UTC +04:00)
Sınaq imtahanına qeydiyyat gələn həftə başa çatacaq

Bakı. Humay Ağacanova - Trend

İmtahanda iştirak etmək üçün qeydiyyat 2 fevral saat 23:59-dək aparılacaq

DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır (coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saat). Sınaq imtahanına qeydiyyat 2 fevral saat 23:59-dək aparılacaq.

İmtahanlar fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti