...

Gürcüstanlı din xadimləri İlahiyyat İnstitutunda olub (FOTO)

Cəmiyyət Materials 23 May 2022 14:41
Gürcüstanlı din xadimləri İlahiyyat İnstitutunda olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov qonaqları İnstitutda görməkdən məmnun olduğunu vurğulayıb, din xadimlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərini təşkil edənlərə təşəkkürünü bildirib.

Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən M.Mürsəlov Aİİ-nin yaradılması, fəaliyyəti haqqında söhbət açıb. İnstitutda təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin geyim, yemək və yataqxana xərcləri ilə təmin olunduğunu nəzərə çatdırıb. Gənclərin sağlam ruhda tərbiyə olunmalarının vacibliyini bildirən M.Mürsəlov qeyd edib ki, dini biliklərə yanaşı dünyəvi biliklərə də yiyələnən mütəxəssislərə ehtiyacımız var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov dövlət-din münasibətləri və hazırda ölkəmizdə din sahəsində mövcud olan vəziyyət haqqında məlumat verib. G.İsmayılov yüksələn xətlə inkişaf edən dövlət-din münasibətlərinə diqqət çəkərək, bu siyasətin bariz nümunəsi olan Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını xüsusi vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov təmsil etdiyi müəssisə haqqında geniş məlumat verib. Bildirib ki, Fond mənəvi dəyərlərin qorunması, inkişafı, o cümlədən, din-dövlət münasibətlərinin inkişafı istiqamətində fəaliyyət göstərir. Fond vətəndaşlara dini etiqad azadlıqlarının həyata keçirilməsində dəstək göstərir, maarifləndirmə işləri aparır.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Ramin İgidov Azərbaycanın və Gürcüstanın dini qurumları arasında sıx münasibətlərin mövcud olduğunu, ölkələrimiz arasında bu sahədə əlaqələrin daha da möhkəmlənməsi və gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən əminliyini ifadə edib. Ramin İgidov dünyada radikallığın artdığı indiki dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyərək, bu təcrübənin öyrənilməsinin vacib olduğunu bildirib.

BGMİ-nin Şərqi Gürcüstan müftisi Etibar Eminov, BGMİ-nin Qərbi Gürcüstan müftisi Adam Shantadze və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov da çıxış edərək, Aİİ-də olmağın məmnunluğunu ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb, din xadimlərinin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti