...

Gəncədə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçiriləcək

Cəmiyyət Materials 15 İyun 2022 17:40 (UTC +04:00)
Gəncədə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçiriləcək

Bakı. Trend:

17 iyun 2022-ci il tarixində Gəncə şəhər Dövlət filarmoniyasının nəzdinəki “Urban” mərkəzində İsveçin Bakıdakı Səfirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçiriləcək. Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanmışdır. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.

Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edirik. Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir.

Sərgidə, həmçinin isveçli fotoqraf Elizabet Tolun Azərbaycana səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi moda fotoşəkilləri İsveç meşələrinin şəkilləri ilə birlikdə nümayiş olunur. Elizabet Toll İsveçin Stokholm şəhərində anadan olub və orada böyüyüb. Beynəlxalq fotoqrafiya sahəsində uğurlu karyerası ərzində o, əsas diqqətini moda, portret və mənzərəyə yönəldib.

Sərginin kuratoru Könül Rəfiyevadır.

Məlumat üçün xatırladaq ki, “Dayanıqlı moda:tekstilin gələcəyi” sərgisi 17 iyun – 17 iyul 2022-ci il tarixlərində Gəncə şəhəri Dövlət filarmoniyasının nəzdindəki “Urban” mərkəzində ziyarətçilər üçün açıqdır. Giriş sərbəstdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti