Bakı. Trend:
“Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və
fəaliyyətin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq
konfrans Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş
Fondunun dəstəyi ilə 29 iyun 2022-ci il tarixində Zəngilan
rayonunun Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində təşkil
olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələrinin, nüfuzlu beynəlxalq təşkilatların üzvlərinin, ekspertlərin iştirakı ilə hibrid formatda keçirilən tədbirdə su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə mövzusu olub.
Konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilən ərazilərdə ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, ətraf mühitin monitorinqi stansiyalarının yaradılması, yaşıllıqların salınması, meşəbərpa tədbirləri, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, balıq növlərinin yetişdirilərək su hövzələrinə buraxılması sahəsində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.
Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət
obyektlərinə dəymiş ziyan, Oxçuçayın və digər su hövzələrinin
Ermənistan tərəfindən vəhşicəsinə çirkləndirilməsinin davam
etdirilməsi, ekoloji terrorun fəsadlarının aradan qaldırılması və
bölgənin ətraf mühitinin yaxşılaşdırılması mövzuları ilə bağlı
məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Nazir BMT və digər beynəlxalq, regional təşkilatların, özəl
sektorun, vətəndaş cəmiyyətinin “Dayanıqlı İnkişaf üzrə 2030
Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata
keçirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd
edib.
Konfransda kənd təsərrüfatı nazirinin müavini İlhamə Qasımova,
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev,
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva,
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter
Mixalko, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı
katibi Olga Algayerova, BMT-nin Su Konvensiyasının katibi Sonja
Koeppel, BMT-nin Ətraf Mühit Proqramının Avropa ofisinin direktoru
Bruno Pozzi və digər rəsmilərin iştirakı ilə geniş müzakirələr
aparılıb.
Konfransın sonunda, 30 iyun tarixində Estoniyada keçiriləcək Su
Konvensiyası ilə bağlı tədbirə töhfə olacaq nəticə sənədi qəbul
olunub. Qeyd edək ki, Azərbaycan Respublikası 2000-ci ildə
Konvensiyanı ratifikasiya edib və Konvensiyanın işində fəal iştirak
edir.
Beynəlxalq Konfrans çərçivəsində diplomatik korpus nümayəndələri
“Ağıllı kənd”də yaradılan infrastrukturla tanış olublar.