...

Koronavirusun təyin edilməsində hansı testlərin effektivliyi daha yüksəkdir?

Cəmiyyət Materials 12 Avqust 2022 11:02 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumiyyətlə koronavirus infeksiyasının diaqnostikasında seroloji, antigen, molekulyar və digər üsullardan istifadə oluna bilər. COVID-19 testinin müayinəsində hazırda molekulyar (PZR) və antigen testlərdən istifadə olunur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Yavər Hacısoy deyib.

- Bildiyiniz kimi, koronavirusun təyin edilməsində müxtəlif üsullardan istifadə olunur. Yavər müəllim, hansı testlərin effektivliyi daha yüksəkdir?

- Ümumiyyətlə koronavirus infeksiyasının diaqnostikasında seroloji, antigen, molekulyar və digər üsullardan istifadə oluna bilər. COVID-19 testinin müayinəsində hazırda molekulyar (PZR) və antigen testlərdən istifadə olunur.
Bu üsulların hər birinin həssaslıq və spesifikliyi fərqlidir. Götürülmüş nümunədə PZR metodu istifadə olunaraq, nuklein turşusu amplifikasiyası yolu ilə koronavirusun RNT-si təyin olunur. COVID-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PZR yaxmadır.
Antigen testləri bu infeksiyanın təyinində kifayət qədər geniş istifadə olunur. Nümunə götürüldükdən sonra nəticə təxminən 30-60 dəqiqə ərzində hazır olduğuna görə bu testlərə sürətli, yəni ekspres testlər də deyilir. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar.

PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir. Digər üsullar heç biri təsdiqləyici deyil. Belə ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, PZR (polimerazalı zəncirvari reaksiya) üsulu koronavirus infeksiyasının təyinində əsas təsdiqedici test hesab olunur.

- COVID-19 üçün yaxma testi necə aparılır?

- SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur. Bu müayinə metodunun prinsipi virusun birbaşa hər hansı bir zülalının müəyyən olunmasına əsaslanır. Götürülmüş nümunədə virusa aid antigen (hissəcik) varsa istifadə olunan ekspress testin daxilindəki karta hopdurulmuş monoklonal anticisimlər ilə birləşir və pozitiv anlamına gələn rəngli xətt əmələ gətirir.
PZR testi üçün isə burun, burun-udlaq, əsnək (orofaringel), ağız suyu və bəlğəm nümunələrinin hər hansı biri istifadə oluna bilər.

- Koronavirusun ştamları necə müəyyən edilir?

- Koronavirus ştamları genetik müayinə ilə təyin olunur. Bunun üçün ilkin olaraq götürülmüş nümunədə SARS-CoV-2 PZR testinin nəticəsi pozitiv olmalıdır. Bundan sonra virusun sekvenləşdirmə ilə aminturşu ardıcıllığı və virusun hansı ştama aid olduğu müəyyən edilir. Bu analizlərin aparılması üçün xüsusi avadanlığa ehtiyac duyulur.

- Virusdan qorunmaq üçün vətəndaş nəyə diqqət etməlidi?

- Ümumiyyətlə istənilən hava-damcı infeksiyalarından qorunmaq üçün insanlar aşağıdakı qaydalara riayət etməlidirlər:
• Xəstə olduğu hiss olunmasa da, digər şəxslər ilə sosial məsafə saxlanılmalıdır. Virusun yayılması əsasən asimptomatik (heç bir əlaməti olmayan virusgəzdiricilər) şəxslər tərəfindən olur;
• İnsanların sıx olduğu yerlərdə, ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskada olmaq daha məqsədəuyğundur;
• Əllər tez-tez sabunlu su ilə yuyulmalı və ya spirtli antiseptiklər ilə təmizlənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti