...

Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb

Cəmiyyət Materials 30 Noyabr 2022 15:39 (UTC +04:00)
Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb

Bakı. Trend:

“Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 investor tərəfindən alınıb. Hərrac prosesi yüksək aktivliklə müşahidə olunub. Dollar istiqrazlarının alıcıları siyahısında yerli fiziki və hüquqi şəxslərlər yanaşı, xarici investorlar da var. Emissiyanın əsas hissəsini fiziki şəxslər əldə edib. Bu isə fiziki şəxslərin qiymətli kağızlar bazarına və “Unibank”a artan marağının göstəricisidir. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. Bu qiymətli kağızlar hazırda ölkə bazarında dollar valyutasında təqdim olunan ən yüksək gəlirli istiqrazlardır. Emissiyanın təşkilatçısı və anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Emissiyanın "Açılış zəngi” mərasimində iştirak edən Unibank İdarə Heyəti sədrinin müavini Emin Rəsulzadə bildirib ki, yerli investorlarla yanaşı, xarici investorların da dollar istiqrazlarına olan yüksək marağı banka olan etibarı, qiymətli kağızların yüksək likvidliyinin diqqətəlayiq xüsusiyyətini göstərir: “Yüksək likvidliyə malik bu qiymətli kağızların emissiyası Bank müştəriləri üçün yeni imkanlar yaradır. Bu, bizə müştəri kreditləşməsini, xüsusilə də mikro və KOS istiqamətində kredit artımını daha yüksək səviyyədə təmin etmək fürsəti verir. Digər tərəfdən isə bizim həm korporativ, həm də pərakəndə müştərilər bazar üçün kifayət qədər cəlbedici gəlirli olan bu istiqrazlardan yüksək və davamlı gəlir götürə biləcəklər. Biz çox şadıq ki, Unibank dinamik inkişaf edən qiymətli kağızlar bazarında həm adi, həm də subordinasiyalı istiqrazların, imtiyazlı səhmlərin ilk və ən aktiv emitentlərindən biridir”.

Qeyd edək ki, “Unibank”ın bütün qiymətli kağızları Bakı Fond Birjasının listinqinə daxil edilib. Bütün səhm və istiqrazların listinqə daxil edilməsi mövcud normativlərə və qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, bankın dayanıqlı maliyyə, müasir korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir.

Unibank-Sənin Bankın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti