...

ADU-75: reytinq fəlsəfəsi və ya uğurun formulu

Cəmiyyət Materials 7 İyun 2023 16:16 (UTC +04:00)
ADU-75: reytinq fəlsəfəsi və ya uğurun formulu

Trend-i buradan izləyin

Bakı. Trend:

Amerikalı filosof, psixoloq və təhsil islahatçısı Con Dyui iyirminci əsrin birinci yarısında Amerikanın ən görkəmli alimlərindən biri olub. Onun təhsillə bağlı fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. “Təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür” deyən filosof təhsillə bağlı bir çox araşdırmaların müəllifidir.

Belə demək mümkündüsə, təhsilin fəlsəfəsi haqqında bir sıra maraqlı ideyaların müəllifi olan alim hələ gənclik vaxtlarından özünəməxsus fikirləri ilə seçilib. Con Dyuinin haqqında danışmaqda məqsədim özümü “intellektual” göstərmək deyil. Zatən onun haqqında internet resurslarında kifayət qədər məlumatlar var. Məqsədim Con Dyuinin məşhur kəlamına diqqəti çəkməkdir: “Təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür”.

Müasir dünya təhsil və elm yarışındadır. Bu yarışın qaliblərini ən yüksək mükafat gözləyir. Bu mükafatın adı “Uğurlu gələcək”dir. Bəli, məhz uğurlu gələcək. Çünki gələcək məhz təhsillə, elmlə bağlı bir məsələdir. Çağdaş dövrümüz qlobal dəyişikliklər fonunda özünə yeni məcra və yol axtarışında olsa da, bütün axtarışların əvvəlli də, sonu da məhz təhsilə gedib çıxır. Ona görə də axtarışların əsasında təhsil, təhsilin də əsasında axtarışlar dayanır.

Azərbaycan Dillər Universiteti uzun illərdir təhsil sahəsində axtarışda olan və yeni çağırışlara qoşulan ali təhsil müəssisələrindən biridir. ADU-nun bu yaxınlarda “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olması ölkə gündəmində ən aktual xəbərlərdən biri oldu. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq və s.

QS-in regional direktoru Sergey Xristolyubov bildirib ki, qlobal çağırışlar dövründə baş verən dəyişikliklər özünü daim yeniləşən ali təhsil sistemində göstərir. Bu dövrdə universitet brendlərinin inkişafı, beynəlmiləlləşmə, dünya arenasında özünütəsdiqetmə kimi məsələlər üzə çıxır. QS reytinqi nədir və burada əsas meyarlar nələrdi? Bu haqda araşdırma apardım. Bəzi maraqlı detallarla tanış oldum.

Belə ki, QS-in regional direktoru Sergey Xristolyubov bu barədə fikirlərini müsahibələrinin birində bu cür təqdim edib: “Universitetlərin reytinqlərlə işləməsi iki əsas komponentdən ibarətdir: məzmun və metodoloji. Məzmun baxımdan universitetə beynəlxalq akademik dairələrdə və işəgötürənlərin peşə icmalarında artan tanınma lazımdır ki, bu da ona xarici ali təhsil müəssisələri ilə tərəfdaşlıq müqavilələri bağlamağa, yüksək ixtisaslı müəllimləri və uğurlu tələbələri cəlb etməyə və prioritet tədqiqat istiqamətlərində qlobal elmi gündəliyə təsir göstərməyə imkan verəcəkdir. Burada nüfuzlu elmi nəşrlərdə təmsil olunmaq, əhəmiyyətli konfranslarda iştirak etmək, mübadilə proqramlarının və ikili diplom proqramlarının inkişafı və onlayn mühitdə olmaq xüsusi rol oynayır.”

Metodoloji aspektə gəldikdə isə, reytinqlərdə iştirak etmək üçün reytinq agentliklərinə məlumatların vaxtında təqdim edilməsi, illik reputasiya sorğuları zamanı universiteti dəstəkləyə biləcək ekspertlərlə işləmək, reputasiya və elmmetrik göstəricilərin izlənilməsi, həmçinin hədəf reytinq qrupundakı universitet və ali təhsil müəssisəsinin işinin müqayisəli təhlili lazımdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bildirdiyi kimi təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.

Dövlət başçısının bu mövqeyi “QS Quacquarelli Symonds”un missiyasına tam uyğundur ki, bu da təhsil nailiyyətlərini, karyera inkişafını və beynəlxalq hərəkətliliyi dəstəkləməklə bütün dünyada motivasiyalı insanlara öz potensiallarını reallaşdırmaqda kömək etməkdir.

Bəli, bu xəbər özlüyündə cəmiyyətə bir uğurun formulunu və reytinq fəlsəfəsinin mahiyyətini göstərmiş oldu. Əlbəttə, uğurun əsasında düzgün idarəetmə, beynəlxalq əməkdaşlıq, məzun karyera sistemi, təhsilin keyfiyyəti və qabaqcıllığı, müasir tendensiyalarla ayaqlaşma, kadr potensialı və s. məsələlər durur.

Qeyd edək ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın rəhbərliyi ilə qazanılan bu uğur təkcə universitet üçün deyil, həm də Azərbaycan təhsili üçün böyük uğurdur. Hər bir tələbənin rektoru olmaq uğurun ilk formulunu müəyyən edən göstəricilərdən biri hesab oluna bilər.

Ancaq mənə elə gəlir ki, bu reytinqdə həm də hamıya məlum olmayan bir qanunun işartılarını da görmək mümkündür. Bu qanun “Mörfi” qanunudur. Yəni, uğura can atmadan uğur əldə etmə prinsipi. ADU-nun bu prinsipdən çıxış etməsi bəlkə də çoxlarına inandırıcı gəlməyə bilər. Ancaq uzun müddətdir ki, bu təhsil müəssisəsində çalışan bir əməkdaş kimi bu hadisəni sezmək o qədər də çətin olmadı.

Həqiqətən, ADU bu reytinq uğrunda savaşmırdı, əksinə reytinq özü ADU-nun bu işində, siyahıya düşməsində, görünür, böyük bir mübarizədə olub. Ancaq fakt budur ki, ADU QS reytinq cədvəlində özünə yer tapa bilib. Bu, 75 illik yubileyini qeyd edən Azərbaycan Dillər Universiteti üçün böyük tarixi hadisədir. Bu tarixi hadisəni ADU kollektivinin hər bir üzvü yaşayır, istər rəhbərlik olsun, istərsə də ən sıravi əməkdaşı. Hər kəsin bu reytinqdə rolu və əməyi var.

Bu həm də onu göstərir ki, ADU məqsəd və vəzifələrini düzgün müəyyən edən, demokratik ab-havada yeni ideyaların formalaşmasına şərait yaradan, müəllim-tələbə münasibətlərini düzgün formalaşdıran, sağlam mühitə malik bir təhsil ocağıdır. Bu ocaqdan hamıya istilik düşür. Bu istilik cəmiyyətimizi inkişaf etdirir. İndi bu ocağın istisinə gələn yüzlərlə insan var. Bu insanların hər biri gələcəyə bir işıq, bir nur aparır özü ilə... Bu işığa, bu nura qovuşan gələcək bir adla səslənir: “Azərbaycan Dillər Universiteti”.

Tural Cəfərli

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti