...

Bakı-Sumqayıt qatarlarında kağız biletlər LƏĞV EDİLİR

Cəmiyyət Materials 12 İyun 2023 10:40 (UTC +04:00)
Bakı-Sumqayıt qatarlarında kağız biletlər LƏĞV EDİLİR

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə 1 iyul 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırır.

ADY-dən Trend-ə verilən məlumata görə, müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.

ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 AZN təşkil edir.

Xatırladaq ki, sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti