Bakı. Trend:
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda Daş Salnamə Muzeyində Özbəkistan və Tacikistandan musiqiçi və ifaçıların möhtəşəm çıxışı olub.
Trend xəbər verir ki, Özbəkistan və Tacikistan musiqiçiləri öz ölkələrinin milli musiqilərini dinləyicilərə təqdim ediblər.
Festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
Konsert proqramının solistləri olaraq özbək milli klassik musiqi ənənələrinin davamçısı, ifaçı və musiqiçi İlyos Arabov və Tacikistan Dövlət Ansamblının solisti, musiqiçi və ifaçı Sardor Soliyev çıxış ediblər.
Musiqiçilərin ifasında gözəl, ürəyəyatan musiqi Daş Salnamə Muzeyinin bütün məkanını bürüdü və dinləyicilərin qəlbinə girərək onları sakitlik və hüzura qərq etdi. Valehedici sədalar sanki musiqi alətlərindən süzülürdü, ifaçıların səsi isə gecəyə əsrarəngizlik qatırdı. Musiqiçilər milli musiqi mədəniyyətlərinin bütün gözəlliklərini çatdırır, həmçinin öz möhtəşəm ifaçılıq imkanlarını nümayiş etdirirdilər.
Tamaşaçılar musiqiçilərin çıxışlarını məftunluqla dinləyərək öz heyranlıqlarını gurultulu alqışlara ifadə etdilər. Konsert səhnədə istedadlı ifaçı və musiqiçiləri bir araya gətirməklə dinləyicilərə unudulmaz gecə bəxş etdi.
Özbəkistanın Əməkdar artisti İlyos Arabovun media nümayəndələrinə müsahibəsində qeyd etdiyi kimi, bu onun Azərbaycan paytaxtına ilk səfəri deyil. 2018-ci ildə ifaçı və musiqiçi “Muğam aləmi” 5-ci Beynəlxalq Muğam Festivalında birinci yer tutub.
"Bu dəfə konsertlə çıxış etmək üçün dəvət aldım. Azərbaycanda xatırlanmağım çox xoşdur. “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı yüksək səviyyədə təşkil olunub. Festival çərçivəsində hər gün müxtəlif platformlarda maraqlı konsertlər keçirilir. Bu möhtəşəm festivalın iştirakçıları olduğumuz üçün şadıq, təşkilatçılara dəvətlərinə görə minnətdarlığımızı bildiririk. Bakıdakı çıxışım üçün makomlardan, Buxaranın "mavriqi" üslubunda musiqilərindən və xalq mahnılarından ibarət proqram hazırladım. Qeyd edim ki, Azərbaycan muğamına yaxşı bələdəm, bu musiqi mənə çox yaxındır. Özbəkistanda Azərbaycan muğamını tanıyır, sevir və öyrənirlər", - İlyos Arabov deyib.
Tacikistan musiqiçisi və ifaçısı Sardor Soliyev də Azərbaycan milli musiqisinə böyük sevgi və hörmətlə yanaşdığını vurğulayıb.
"Bu mənim Azərbaycana ikinci səfərimdir. 2018-ci ildə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalında iştirak edərək ikinci yer tutdum. Buraya ilk dəfə gələndə Azərbaycan musiqiçiləri ilə çıxış etmək, ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanım olmuşdu. Gələcəkdə Azərbaycan sənətkarları ilə bir daha eyni səhnəni paylaşmaq planlarım var", - deyə qeyd edən Sardor Soliyev Bakı izləyicilərinin onun çıxışını çox səmimi qarşıladıqlarını qeyd edib.
Xatırladaq ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı 18-25 iyun tarixlərində keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)
