Bakı. Trend:
Söyüdlüdə fəaliyyət göstərən şirkətin ekoloji normalara tam riayət etməsi tələb olunur.
Trend-in məlumatına görə, bu barədə iyunun 25-də Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclasında vurğulanıb.
Bildirilib ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.
"Eyni zamanda, ərazidə fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədində əks olunmuş su, torpaq və atmosfer havası üzrə keyfiyyət standartlarına, həmçinin bütün digər ekoloji normalara tam riayət etməsi tələb olunur", - iclasda qeyd edilib.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün komissiya yaradılıb.