...

Müəyyən işbazlar bazarda ətin qiymətini qaldırırlar - Komitə sədrindən AÇIQLAMA

Cəmiyyət Materials 22 Avqust 2023 11:43 (UTC +04:00)
Müəyyən işbazlar bazarda ətin qiymətini qaldırırlar - Komitə sədrindən AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müəyyən işbazlar var ki, bazarda ətin qiymətini qaldırırlar.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, qiymət artımına səbəb olan amillərdən biri də inhisarçılıqdır.

“Müəyyən fermerlər hələ də öz məhsullarını bazara çıxarıb ucuz qiymətə sata bilmirlər. İşbazlar var, bunlar iri və xırdabuynuzlu mal-qaranı rayonlardan ucuz qiymətə alırlar və şəhərdə ətin qiyməti qalxır. Ona görə də burada müəyyən normalar tətbiq olunmalıdır, inhisarçılığın qarşısı alınmalıdır, fermerlərin bazara çıxışı təmin olunmalıdır və müxtəlif yerlərdə ət mağazaları təşkil olunmalıdır ki, fermerlər öz heyvanların gətirib orada sata bilsinlər. Müəyyən işbazlar hazırkı vəziyyətdən istifadə edərək, ətin qiymətini qaldırırlar”, - deyə o qeyd edib.

Komitə sədri qeyd edib ki, ətin bahalaşmasının səbəblərindən biri də iqlim dəyişikliyidir.

“Təbii şərait dəyişib, otlaq sahələrinə ziyan dəyib, quraqlıq yemçiliyə öz təsirini göstərir. Digər tərəfdən, əhali sayının artması və insanların ət və ət məhsullarından daha çox istifadə etməsi qiymət artımına təsir göstərir.

Qiymət artımının digər bir səbəbini isə mən israfçılıqla əlaqələndirirəm. Biz əti israfçılıqla istifadə edirik. İctimai iaşə obyektlərində, restoranlarda, şadlıq evlərində, toy və yas mərasimlərində çoxlu miqdarda ət məhsulları israf olunub atılır. Ölkə üzrə gündə 10 tonlarla ət və ət məhsulları israf olunur. Bir süfrəyə 10 adamən yeyəcəyi qədər ət məhsulları qoyurlar ki, bu da israfçılıqdır”, - deyə komitə sədri bildirib.

Komitə sədri əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlığın inkişafı ətin qiymətinə də təsirini göstərəcək.

“Azad edilmiş ərazilərimizdə heyvandarlığın inkişafı üçün geniş potensial var. Laçın, Kəlbəcər tarixən heyvandarlıq rayonları olub. Eləcə də, Zəngilan, Cəbrayıl, Qubadlı da heyvandarlıq rayonları kimi tanınıb. Hesab edirəm ki, qısa müddətdə bu rayonlarda heyvandarlıq inkişaf edəcək və ətin qiymətində artım problemi olmayacaq”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti