Bakı. Trend:
Ötən ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan Elnur Rüstəmovun böyüyüb boya-başa çatdığı Əbilyataq kəndində il mərasimi keçirilib.
Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və Əbilyataq kənd sakinləri iştirak ediblər.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhid Elnür
Rüstəmovun məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar
oxuyublar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
şəhidlərimizin şərəfli döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda
gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun qazandığı qələbədən, bu zəfərin tarixi əhəmiyyətindən
danışıb.
Anım mərasimində Elnur Rüstəmovun ömür yoluna nəzər salınıb, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açılıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.