...

Mərkəzi Gömrük Hospitalında TAVİ əməliyyatı İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində həyata keçirilir

Cəmiyyət Materials 25 Oktyabr 2023 10:14 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında TAVİ əməliyyatı İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində həyata keçirilir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində 2023-cü ilin sentyabr ayından etibarən İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində TAVİ əməliyyatı icra olunur.

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu bildirib ki, TAVİ əməliyyatı ilə aorta qapağı darlığını aradan qaldıraraq xəstənin həyatını xilas etmək mümkündür. Aorta qapağı ürəkdən çıxan ana damarın ağzında olan qapaqdır.

Yaş artdıqca buqapaqda kirəcləşmə yaranır və qapaq açılışı məhdudlaşır.Həmçinin, aorta qapağının açılıb-bağlanma qabiliyyəti pozulur ki, bu zaman ürək, qanı orqanlara göndərə bilmir və ürək çatışmazlığı yaranır. Belə ki, vaxtında müdaxilə edilməzsə, bu insanların çoxu həyatını itirir.

Əvvəllər aorta qapaq darlığı müalicəsində sadəcə açıq ürək əməliyyatı ilə qapaq dəyişdirilməsi mümkün idisə, son illərdə qapalı yolla, döş qəfəsi açılmadan, ümumi anesteziya verilmədən aorta qapağının dəyişdirilməsi mümkün olmuşdur. Bu prosedur TAVİ - Transkateter aort qapaq implantasiyası adlanır.

Qeyd edək ki, TAVİ əvvəllər ilk növbədə, açıq ürək əməliyyatı şansı olmayan xəstələrdə tətbiq edilirdi. Lakin sonrakı illərdə yüksək, orta riskli xəstələrdə, daha sonralar isə aşağı riskli xəstələrdə belə tətbiq olunmağa başlanmışdır. TAVİ əməliyyatı təxminən 1 saat çəkir, bu zaman döş qəfəsi açılmadan ümumi anesteziya verilmədən ayaq damarından girilərək kirəclənmiş aorta qapağının içinə stentlə əhatə olunmuş bioprotez qapaq yerləşdirilir və adətən xəstələr 24-48 saat sonra evə yola salınır. Son illərin müşahidəsi göstərir ki, yaşlı xəstələrdə ürəyin aorta qapağının darlığına çox sıx rast gəlinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti