Bakı. Trend:
Biz olduqca qarışıq bir zamanda yaşayırıq. Azərbaycan kimi biz də bu zamanda ənənələrimizə sadiq qalmalıyıq.
Trend xəbər verir ki, bunu Pakistan Qadınların vəziyyəti üzrə Milli Komissiyanın sədri Nilofar Bakhtiar Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Qadınlar ədalətsizliklərlə üzləşir. Onlar vətənlərində əziyyətlə ailələrini dolandırmaq üçün işlər görürlər. Pakistanda qadınlar, həmçinin, orduda xidmət edir. Yerli idarəetmədə 33 faiz qadın yer tutur. Bu konfransda nə üçün toplaşdığımızı unutmamalıyıq”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.