...

Mərkəzi Gömrük Hospitalında Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Cəmiyyət Materials 1 Dekabr 2023 15:10 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev, QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Samirə Vəliyeva, Mərkəzi Gömrük Hospitalının həkimləri, tibb bacıları və həkim-rezidentlər iştirak ediblər.

Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbir iştirakçılarını salamlayaraq, 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününun tarixi barədə, eləcə də QİÇS-ə yoluxma hallarından, bu xəstəliyə yoluxmanın risk faktorlarından, xəstəliyə yoluxmamaq üçün nələri bilmək lazım olduğundan danışıb. Dosent İ.Əfəndiyev hər bir iştirakçının bu tədbirdən faydalanacağına, bilik və vərdişlərini artırmasına ümidvar olduğunu deyib.

Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə Azərbaycan və dünyada QİÇS-lə bağlı epidemioloji vəziyyət, ölkədə mövcud qaydalar qanda skrinniq, HİV indikatorları, terapiya və müalicə və s. barədə ətraflı məlumat verib. Səbinə Babazadə bildirib ki, 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Bu günün qeyd edilməsi insanların bu problemə, bu xəstəliyə diqqətini artırmaq məqsədi daşıyır. Bu xəstəlik insanların biliyindən və davranışından asılıdır. Şüurlu insan bu virusa yoluxmaya bilər. Maarifləndirici tədbirlər tez-tez əhali arasında aparılır. Bu gün isə biz bu tədbiri tibb işçiləri arasında keçiririk. Bu tədbir həkimlərin diqqətini bu məsələlərə cəlb etmək üçün biliklərimizi paylaşmaq, mütəxəssislərlə bölüşmək imkanı yaradır. Səbinə Babazadə QİÇS-ə yoluxmanın yolları, onunla mübarizə üsulları və müalicəsindən danışıb.

Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev dünyada və Azərbaycandan İİV/QİÇS epidemiyası və skrininq üzrə ölkədə mövcud qaydalar haqqında təqdimatla çıxış edərək, Azərbaycanda olan epidemioloji vəziyyətlə bağlı statistik rəqəmlər, infeksiyaya yoluxma yolları, xəstəlikdən qorunma üsulları və profilaktik tədbirlər barədə, eyni zamanda bu infeksiyanın tarixi haqqında geniş məlumat verib.

Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Samirə Vəliyeva da İİV/QİÇS-in müalicəsi və HİV indikatorlar haqqında təqdimatlarla çıxış edərək, HİV haqqında, hamilələrdə müayinələrin aparılması, hamilələrin vaxtında müayinəyə cəlb olunmasından danışaraq, qeyd edib ki, HİV pozitiv hamilə qadın HİV neqativ (yəni bu virusa yoluxmamış) uşaq dünyaya gətirə bilər, bunun üçün lazımi tədbirlər vaxtında görülməlidir. Dr.Samirə Vəliyeva təmasdan sonra profilaktika və təmasdan öncə profilaktika haqqında da ətraflı məlumat verib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasına dəstək olmaq və tibb işçilərinin maarifləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti