Bakı. Trend:
Yumurtanın qiymətində artım müşahidə olunması ilə bağlı xəbərlər yayılır. Bildirilir ki bu məhsulun qiyməti 2-3 qəpik artıb. Səbəb kimi isə Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixrac olunmasına başlanılması və qış aylarında sözügedən məhsulun azalmasını göstərirlər.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, yumurtanın fabrikdən çıxış qiyməti iki ay əvvəl necə idisə, hazırda da elədir.
"Hazırda fabrikdə bir yeşik yumurtanın çıxış qiyməti 53 manat, yəni dənəsi 14,7 qəpikdir. Marketlərdə isə qiyməti 17-18 qəpikdir. Şəbəkə marketlərinin heç birində qiymətlər qalxmayıb. Bir neçə nəfər var ki, ajiotaj yaradıb yumurtanın qiymətini qaldırmaq istəyir. Belə alverçilər istehsal müəssisələrindən çoxlu yumurta alıb yığaraq qiyməti artırırlar".
M.Həsənli qeyd edib ki, bu gün üçün ölkədə yumurtaya olan tələbat günlük 3,6 milyon ədəddir.
"İstehsalımız isə artıq 5 milyon ədədin üzərindədir. Tələbatdan artıq qalan 1,5 milyon ədədə yumurtanı Yaxın Şərq ölkələrinə və Rusiyaya ixrac olunur. İxrac daxili tələbata heç bir təsir etmir. Qonşu ölkələrdə yumurtanın qiyməti bahalaşsa da, ölkəmizdə bahalaşmayıb. Biz yumurta istehsalını yanvarın sonuna kimi 6, martda isə 7 milyona qaldıracağıq".
Sədr onu da bildirib ki, yemin qiyməti qalxmasa, yumurta bahalaşmayacaq.
"Bu gün ölkədə soyaya əlavə dəyər vergisi yoxdur. Lakin yanvarın 1-dən tətbiq olunacaq. Biz bununla bağlı hökumətə müraciət etmişik ki, soyaya hələ ƏDV tətbiq edilməsin və müddət uzadılsın. Yəqin ki yenidən müddəti uzadacaqlar ki, ərzaq məhsullarının qiyməti bahalaşmasın", - deyə o qeyd edib.
Qeyd edək ki, dünən Azərbaycandan Rusiyaya "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.