...

Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Cəmiyyət Materials 19 Yanvar 2024 13:45 (UTC +04:00)
Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı. Trend:

Energetika Nazirliyində ölkəmizin suverenliyi və azadlığı uğrunda mübarizə tarixində şərəfli yer tutan 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı anım tədbiri keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək, qanlı yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlandığını qeyd edib. Həmçinin 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi ilə ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olunub. 20 Yanvar hadisələrinin Azərbaycanın milli kimliyini formalaşdırdığı, istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulanıb.

Qeyd edilib ki, yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Dövlətimiz tərəfindən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayrılır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

Çıxışda o da vurğulanıb ki, Vətən müharibəsinin Zəfərlə nəticələnməsi azadlıq uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhlarını şad edib, onların qisası alınıb.

Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti