Bakı. Trend:
Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus “Gənclik” metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək.
Trend bu barədə Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin
göstərilməsi məqsədilə “Gənclik” metrostansiyasının yanında
sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün yeni
nəqliyyat mübadilə mərkəzi yaradılıb. Tofiq Bəhramov adına
Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu
qurulub. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri
quraşdırılıb. Dayanacaqda marşrut sxemi və lövhələr yerləşdirilib.
İşıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol
nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların
hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub.
“Gənclik Mall” ticarət mərkəzinin yeraltı parkinqinin girişində
svetofor quraşdırılıb.
Yeni HUB sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli Xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azaldılmasına da töhfə verəcək.