Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib.
Trend nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir:
"Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası,
o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi
istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin
görülməsini davam etdirir.
Bu çərçivədə son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş
yanğınların təhlili onu göstərir ki, avtomobilin elektrik
sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin
yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi, təhlükəli
yüklərin düzgün daşınmaması, avtoqəza belə yanğınların əsas
səbəbləridir. Təəssüflə qeyd edilməlidir ki, təkcə 2024-cü ilin
birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində
yanğınla bağlı “112” qaynar telefon xəttinə 170 məlumat daxil olub
və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində
yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı
alınıb.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi
avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərək
müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə
çağırır. Belə ki, avtomobillərin texniki sazlığı daim nəzarətdə
saxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəz
olunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişikliklər
edilməməli, təhlükəli yüklərin daşınması qaydalarına əməl edilməli
və yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir.
Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkmək
təhlükəlidir!
Həmçinin, hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və
balonun saz və istifadəyə yararlı olması daim nəzarətdə
saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə, əsasən
avtomobilin salonunda saxlanılmalıdır.
Yadda saxlanmaq lazımdır ki, avtomobilin salonunda tüstü və ya
yanıq qoxusu yanğın əlamətidir. Avtomobildə alışma və ya yanğınla
bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və
mühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin və
mümkündürsə, ilkin odsöndürücü vasitələrlə yanğını söndürməyə
çalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsiz
məsafəyə (ən azı 10 metr aralıya) çəkilin.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"