Bakı. Trend:
Son günlər havanın qeyri-sabit keçməsi, yağışların yağmasının kənd təsərrüfatının məhsuldarlığına heç bir ziyanı yoxdur.
Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, yaz yağışının təsərrüfatlara heç bir ciddi ziyanı yoxdur.
“Ola bilsin, ot biçilibsə, müəyyən ot sahələrinə ziyan vursun. Ancaq ümumilikdə heç bir ziyanı yoxdur. Çünki bu yağışlar uzunmüddətli deyil, bir gün yağır, səhəri gün çıxır.
Əslində, bu yağış təsərrüfatlara xeyirdir. O zaman ziyan verərdi ki, bu yağışlar bir neçə gün davam etsin. O zaman bitkilərin, o cümlədən, pambığın dibi çürüyə bilərdi. Digər bitkilərin inkişafına mane ola bilərdi. Ancaq indiki halda bu yağışların xeyri var”, - deyə komitə sədri qeyd edib.
Onun sözlərinə görə, bu yağışlar həm də su ehtiyatının yığılmasıdır.
“Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da su çatışmazlığı var, su ehtiyyatları məhduddur. Xüsusilə yay aylarında, yazın axırlarında təsərrüfatlar suvarma suyundan ciddi korluq çəkir. Ancaq bu yağışlar yerin qatında su təbəqəsi yaradır və sözsüz ki, bu, xeyli müddət bitkilərin qidalanmasına kömək edir. Əgər sel, daşqınlar varsa, bunlar təsərrüfatlara ciddi ziyan vura bilər. Ancaq bu cür yağışlar faydalıdır”, - deyə o əlavə edib.