...

ADA Universitetinin rektoru Hafiz Paşayev Hüquq fakültəsinin tələbələri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 28 İyun 2024 09:40 (UTC +04:00)
ADA Universitetinin rektoru Hafiz Paşayev Hüquq fakültəsinin tələbələri ilə görüşüb (FOTO)

Bakı. Trend:

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bu tədris ilində müxtəlif beynəlxalq və yerli məhkəmə simulyasiya müsabiqələrində iştirak etmiş Hüquq tələbələri və onların məşqçiləri ilə görüşüb. Görüşdə, həmçinin ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə Prorektoru Fariz İsmayılzadə və Hüquq fakültəsinin dekanı Rəşad İbadov iştirak edib.

Görüş dekan Rəşad İbadovun komandaların üzvlərini və məşqçilərini Rektora təqdim etməsi və hər bir müsabiqənin mahiyyəti, hazırlıq prosesi və tələbələrin qazandıqları nailiyyətlər barədə məlumat verməsi ilə başlayıb. Qeyd edilib ki, ADA komandaları hüquqi yazı və şifahi təqdimatlarına görə bu ilki yarışlarda bir sıra ciddi mükafatlara layiq görülmüş, milli və beynəlxalq səviyyədə ilk pillələrdə qərarlaşıblar. Dekan, həmçinin bu cür məhkəmə müsabiqələrinin hüquq təhsilinin önəmli tərkib hissəsi olduğunu vurğulayıb və Hüquq fakültəsinin bu istiqamətdə gördüyü işlər barəsində məlumat verib.

Daha sonra Rektor Hafiz Paşayev ADA Universitetini təmsil edən komandaların üzvləri və məşqçilərini qazandıqları nailiyyətlərə görə səmimi qəlbdən təbrik edib və hazırlıq prosesində qarşılaşdıqları çətinliklər barədə maraqlanıb. Rektor Paşayev ADA Universitetində tələbə yönümlü hüquq təhsilinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq Azərbaycanda yeni nəsil hüquqşünaslara tələbatın getdikcə daha da artdığını qeyd edib. Bu prosesə dəstək verilməsi baxımından ADA Hüquq fakültəsinin üzərinə düşən məsuliyyəti uğurla davam etdirməli olduğunu vurğulayan Rektor bu cür müsabiqələrin tələbələrin beynəlxalq rəqabətə davamlı peşəkar hüquqşünaslar kimi inkişafında xüsusi rolu olduğunu bildirib.

Daha sonra prorektor Fariz İsmayılzadə tələbələri təbrik edib və Universitetin hər zaman onların uğur qazanması üçün dəstək verəcəyini qeyd edib. Görüş tələbə və məşqçilərin müsabiqələrdən yaddaqalan xoş təəssüratları bölüşməsi ilə davam edib. Onlar sözügedən müsabiqələrdə iştirakın çox mühim və faydalı təcrübə olduğunu, onlara lazımi biliklər və bacarıqlar qazandırdığını vurğulayıb və hər zaman göstərdiyi hərtərəfli dəstəyə görə rektor Hafiz Paşayevə və Universitet heyətinə dərin təşəkkürlərini bildiriblər.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, ADA Universitetinin Hüquq fakültəsinin tələbələri hüququn müxtəlif sahələri üzrə təşkil edilən yeddi fərqli məhkəmə müsabiqəsində – Philip C. Jessup adına “Beynəlxalq Hüquq üzrə Məhkəmə Mübahisəsi Müsabiqəsi”, Willem C. Vis adına “Beynəlxalq Kommersiya Arbitrajı üzrə Müsabiqə”, “Dubay Beynəlxalq Maliyyə Mərkəzinin Kosmik Hüquq üzrə Məhkəmə Müsabiqəsi”, “Şıxlinskilər adına Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə”, “Topçubaşov Arbitraj Məhkəməsi Müsabiqəsi”, “Beynəlxalq Humanitar Hüquq üzrə Jean-Pictet Müsabiqəsi” və “Helga Pedersen adına Məhkəmə Müsabiqəsi” – ADA Hüquq fakültəsini uğurla təmsil ediblər.

Xəbər lenti

Xəbər lenti