Bakı. Trend:
Ölkədə peyvəndlərlə idarə olunan xəstəliklər qeydə alınmırsa belə, bu xəstəliklərin mövcud olduğu ölkələrdən gələn xəstələr (gətirilmə hallar) xəstəliklərin alovlanmasına səbəb ola bilər. Uşaqların təhlükəli xəstəliklərdən qorunması üçün onları peyvənd etdirmək vacibdir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, peyvəndlər sayəsində bir çox ölkələrdə poliomielit xəstəliyi mövcud olmasa da, bir neçə ölkədə bu xəstəlik qeydə alınır:
“Peyvənd işi zəiflədikdə, gətirilmə hallar nəticəsində xəstəlik yenidən immuniteti olmayan uşaqlar arasında baş qaldırar və alovlanmalara səbəb ola bilər.
Analoji olaraq 2023-cü ilin aprel ayından Azərbaycanda qeydə alınan qızılca alovlanmasını göstərmək olar. Xəstəliyin alovlanması nəticəsində əsasən qızılcaya qarşı immuniteti (peyvəndi) olmayan uşaq və yeniyetmələr xəstələndi. Lakin peyvənddən kənarda qalan uşaqların və böyük yaşlı əhalinin peyvəndləməsi nəticəsində xəstəliyin yayılmasının qarşısı alındı”.