Bakı. Trend:
Artıq çəkisi olan şagirdin pəhriz saxlaması üçün müəyyən yaşı gözləməsi lazım deyil.
Trend xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilişində qonaq olan pediatr Günay Rəsulova açıqlayıb.
Onun sözlərinə görə, pəhriz sağlam qidalanma tərzidir.
“Artıq çəkisi olan uşaq mütləq qidalanmasına fikir verilməlidir. Uşaqlar yüksək kalorili, asan mənimsənilən şəkər, karbohidrat, hazır və nitritli qidalar, yüksək şəkər tərkibli içkilərdən uzaq olmalıdırlar. Gündəlik həyatda fiziki aktivliyi artırmaq məsləhət görülür. Əgər ailə uşağı arıqlatmaq üçün hansısa pəhriz proqramları tətbiq etmək istəyirsə, bu zaman mütləq uşaq dietoloqu ilə məsləhətləşmək lazımdır. Uşağa aid pəhriz proqramı onun günlük kalori ehtiyacı hesablanaraq, düzgün qaydada tətbiq edildikdən sonra başlanıla bilər”.
Pediatr qeyd edib ki, qlütensiz pəhrizi qlütenə qarşı götürməzliyi, qlüten həssaslığı olan uşaqlara tətbiq etmək lazımdır.
“Belə problemi olmayan uşaqların buna ehtiyac yoxdur. Amma çalışmaq lazımdır ki, uşaqlara yedirdiyimiz qlütenli qidalar da sağlam olsun. Məsələn, əla növ undan hazırlanan çörək yerinə, tam buğda unundan çörək seçmək tövsiyə olunur”.