Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped-travmatoloqu Hüseyn Əliyev nazirliyin saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Hüseyn müəllim, ilk öncə bilmək istərdik ki, uşaqlarda artrit nədən yaranır?
- Artritə səbəb ola biləcək bir çox xəstəlik var. Artrit deyildikdə ilk ağıla gələn revmatizm xəstəliyi olsa da, mikroorqanizimlərin oynağa nüfuz etməsi, travma nəticəsində yaranan yaralanmalar, bəzi metabolik və hormonal xəstəliklər də artritə səbəb ola bilər.
- Artrit uşaqlar üçün nə dərəcədə ciddidir?
- Artrit xəstəliyi əsasən ağırlaşmalarına görə təhlükəlidir. Düzgün diaqnozun təyin edilməsində gecikmələr və uyğun müalicə tədbirlərinin aparılmaması gələcəkdə müşahidə olunan ortopedik ağırlaşmaların əsas səbəbidir. Belə ki, bəzi hallarda xəstəlik deformasiyaların inkişafına və ya kontrakturaların (hərəkət məhdudluğu) meydana gəlməsinə səbəb olur. Bu da gələcəkdə xəstənin iş qabiliyyətini azalda bilər.
- Septik artrit xəstəliyi nədir və xəstəlik necə əmələ gəlir?
- Septik artrit mikroorqanizimlərin oynağın içindəki mayeyə
sirayət etməsi, orada çoxalması və oynağı əmələ gətirən toxumaları
məhv etməsi halıdır. Xəstəlik mikroorqanizimlərin oynağa çatması
ilə başlayır. Bəzən oynaq mayesində mikrobların aşkar edilə
bilməyəcəyi və dolayı yolla oynaqda iltihaba səbəb olduğu hallar
ola bilir ki, bu vəziyyət fərqli bir ad alır - "reaktiv
artrit".
Mikroorqanizmlərin oynağa daxil olmasının üç yolu mövcuddur:
hematogen (bədənin başqa yerindən qana daxil olan mikroorqanizmlər
dövran yolu ilə oynağa daxil olur); mikroorqanizmlər oynaq ətrafı
toxumalardan birbaşa oynağa sirayət edir; cərrahi müdaxilə və ya
intraartikulyar (oynaqdaxili) dərman inyeksiyası kimi prosedurlar,
həmçinin oynağın açıq zədələnmələri zamanı mikroorqanizmlərin
oynağa birbaşa keçməsi nəticəsində.
- Septik artrit ən çox hansı oynaqlarda rast gəlinir?
- Septik artrit ən çox iri oynaqlarda, xüsusən yük düşən aşağı
ətraf oynaqlarında bud-çanaq, diz və aşıq-baldır oynaqlarında rast
gəlinir. Əksər hallarda tək oynaq prosesə cəlb olunur.
Septik artritin kardinal fiziki müayinə nəticələri oynaqda şişlik,
ödem və temperaturun artmasıdır. Təsirə məruz qalan oynağın
palpasiyası və hərəkəti ilə ağrı artır. Oynaq ağrısı 80-100 %
spesifikdir. Yüksək hərarət, oynaq ağrısı və hərəkət məhdudiyyəti
triadası septik artriti təsdiq edir. Fiziki müayinədə ağız boşluğu,
udlaq, ağciyər, dəri, qulaq kimi digər müayinələrin edilməsi və
infeksiyanın varlığı araşdırılmalıdır. Mövcud infeksiya septik
artrit diaqnozunu təsdiqləyir.
- Doktor, septik artrit növünün diaqnozu necə qoyulur?
- Septik artrit diaqnozunun təyin edilməsi üçün oynaqda ağrı ilə
yanaşı şişkinlik, qızartı, yerli hərarət və hərəkət məhdudluğu
şikayətlərindən ən azı biri müşayiət olunmalıdır. Belə ki, oynaq
ağrısı ilə müraciət edən 7-8% uşaqlardan yalnız 1%-də artrit
müşahidə olunur. Yanaşı olaraq, laborator müayinələr qanın ümumi
analizində iltihabın əsas göstəricisi olan leykositlərin sayının
artması, eritrositlərin çökmə sürətinin yüksəlməsi, C-reaktiv
zülalın yüksəlməsi və s., həmçinin sinovial mayedə leykosit sayının
yuxarı olması kimi göstəricilərin dəyərləndirilməsi vacibdir. Ən
əsas isə götürülən oynaq möhtəviyyatının mikrobioloji müayinəsi
şərtdir.
Qeyd etmək lazımdır ki, septik artrit öz-özünə keçmir. Təcili və
təxirəsalınmaz müalicə tələb edən xəstəlik olub, ağırlaşma
dərəcəsindən asılı olaraq uzun müddətli müalicə və dinamik nəzarət
tələb edən haldır. Septik artritli pasiyentlər xəstəxanaya
yerləşdirilməli və dərhal müalicələrinə başlanılmalıdırlar.
- Bu xəstəliyin müalicəsi necə aparılır?
- Septik artrit müalicə olunmadığı təqdirdə ilkin müşahidə
olunan ağırlaşma kimi sepsis və septik şok yarana bilər. Gecikən
müalicə halları isə gələcəkdə oynaqlarda hərəkət məhtudluğuna,
deformasiyalara səbəb olur. Buna görə də, septik artritin erkən
diaqnozu və müalicəsi zərəri minimuma endirmək üçün çox
vacibdir.
Septik artritli şəxslər xəstəxanaya yerləşdirilməli və
müalicələrinə başlanılmalıdır. Müalicə zamanı oynaq boşluğundakı
möhtəviyyatın erkən evakuasiyası və uyğun antibakterial terapiyanın
başlanması nəzərə alınmalıdır. Eyni zamanda, oynağın anatomiyasının
qorunması, ağrının aradan qaldırılması və deformasiyanın
inkişafının qarşısının alınması məqsədilə oynağın
immobilizasiyasına (ilk 2-7 gün ərzində ətrafın
hərəkətsizləşdirilməsi) diqqət yetirilməlidir. Həmçinin, gələcəkdə
müşahidə olunan kontrakturaların qarşısının alınması məqsədilə
oynağın erkən reablitasiyası, hərəkətin təmin edilməsi nəzərə
alınmalıdır. Septik şok əlamətləri varsa, xəstələr müvafiq
reanimasiya şöbələrində müalicə edilməlidir.
Sonda qeyd etmək istəyirəm ki, oynağında ağrı, şişkinlik, qızartı
və yerli hərarət müşahidə olunan istənilən şəxs həkimə müraciət
etməlidir. İstənilən müalicənin uğurlu nəticəsi hər bir xəstəyə
fərdi yanaşmadan asılıdır.