Bakı. Trend:
Bu gün Azərbaycanda keçirilən Dini Liderlərin Bakı Qlobal Sammiti bəşəriyyətin problemlərinin həllinə öz töhfəsini verir.
Trend xəbər verir ki, bunu sammitdə iştirak edən Türkiyə Diyanət İşləri naziri Əli Erbaş jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu sammit öz məqsədlərinə nail olacaq.
“Bəşəriyyətin qarşılaşdığı problemlərin müzakirə edilərək həll yollarının tapılması vacibdir. Bu baxımdan bu sammit mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.