Bakı. Trend:
Azərbaycanda məhdud imkanlı insanların həyat şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülüb.
Trend xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Beynəlxalq Əlillər Günü ilə əlaqədar təşkil etdiyi "Məhdud imkanlı insanların iştirakı ilə iqlim həllərinin yaxşılaşdırılması” tədbiri çərçivəsində bildirib.
“Xüsusilə qeyd etmək istərdim ki, 2008-ci ildə BMT-nin Məhdud İmkanlı İnsanların Hüquqları haqqında Konvensiyasına qoşulmuşuq. O vaxtdan etibarən bir çox qanun qəbul edilib və bu il məhdud imkanlı insanların vəziyyətinin qiymətləndirilməsi üçün yeni prosedurlar haqqında qanun qüvvəyə minib. Həmçinin öz reyestrimizi yaratmışıq. Məhdud imkanlı vətəndaşlara verilən sosial müavinətlərin məbləği üç dəfə artırılıb, bəzi digər ödənişlər isə 2,5 dəfə çoxaldılıb. Lakin bu səylərə baxmayaraq, hələ də kifayət deyil. Biz əminik ki, bu istiqamətdə daha çox iş görməliyik”, - deyə A.Kərimov vurğulayıb.
Nazir müavini həmçinin qeyd edib ki, cari tədbir COP29-dan sonrakı dövrdə həyata keçirilən bir sıra təşəbbüslərin bir hissəsidir.
“Azərbaycan COP29-un sədrlik edən tərəfi seçilib və hesab edirik ki, növbəti konfransa qədər, Braziliyada keçiriləcək tədbirə qədər, Azərbaycan bu rolu davam etdirəcək və belə əhəmiyyətli tədbirlər təşkil edəcək”, - deyə o əlavə edib.